Bayden Ukraynaya “F-16″lar vermək fikrində olmadığını bildirib
ABŞ Prezidenti Cozef Bayden yenidən “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsini istisna edib.
Bu barədə dövlət başçısı yerli “ABC” telekanalına müsahibəsində deyib.
Onun fikrincə, hazırda bunlar Kiyevə lazım deyil.
Müsahibədə Cozef Baydendən Ukrayna Prezidenti Volodimir Zelenskinin “F-16″lara ehtiyacı olub-olmadığı soruşulub. Amerika liderinin isə cavabı müsbət olmayıb: “Xeyr, onun hazırda “F-16″lara ehtiyacı yoxdur”.
Jurnalist bunun Kiyevin heç vaxt qırıcı təyyarələr almayacağı anlamına gəlib-gəlmədiyini aydınlaşdırıb. Prezident qeyd edib ki, Ukrayna tərəfinin gələcəkdə nəyə ehtiyacı ola biləcəyini dəqiq bilmək mümkün deyil, lakin indi ABŞ hərbçiləri bunun üçün heç bir səbəb görmürlər: “Hazırda mən bunu istisna edirəm”.
Ölkə başçısı həmçinin qeyd edib ki, Vaşinqton müharibənin indiki mərhələsində başqa dəstəyi daha yüksək prioritet sayır. Lazım olan silahlar arasında o, tankların, artilleriyanın, hava hücumundan müdafiə sistemlərinin adını çəkib.