Mingəçevirdə yeni elektrik stansiyasının inşası bütün Qafqaz regionunun elektroenergetika sahəsinə dəyərli töhfə olacaq
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilən yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən, ölkə prezidenti cənab İlham Əliyev qeyd edib ki, Mingəçevir hal-hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə olan ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, ümummilli liderin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Ümumi generasiya gücü 2400 meqavat olan bu stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Əlbəttə ki, zaman keçdikcə bütün qurğular, infrastruktur köhnəlir və sıradan çıxır. Buna görə də 2018-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində artıq 8 blok tamamilə yenidən qurularaq istifadəyə verilmiş, beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmiş və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir.
Bu gün artıq Mingəçevir şəhərinin təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə Mingəçevir şəhərində yeni elektrik stansiyasının açılışı olacaq. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin elektroenerji potensialını xeyli gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, həm də elektroenergetika və təbii qaz sahəsində daha böyük addımlar atacaqdır.
Yeni Mingəçevir elektrik stansiyasının inşası təkcə ölkəmizə deyi, həmçinin dost xarici ölkələrə də xeyir verəcəkdir. Belə ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq ki, bu da ildə təqribən 800 milyondan 1 milyarda qədər kubmetr qaza qənaət etmək imkanı yaradacaq. Aydındır ki, bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, Avropanın enerji təhlükəsizliyinə növbəti əhəmiyyətli töhfə olacaqdır. Həmçinin yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Vüqar Ağayev,
Salyan rayonu, YAP fəalı