Əzəli və əbədi birliyimizin gücü ilə bütün çətinlikləri aşacağıq
Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Bunun həm dövlət səviyyəsində, həm də xalqlarımız arasında şahidi olmuşuq. İki ölkə arasında münasibətlər hər şeydən əvvəl dostluğa, qardaşlığa söykənir. Bu münasibətləri fevralın 6-da Türkiyədə baş vermiş iki güclü zəlzələdən sonra yardıma ilk gələnin Azərbaycan olmasının, ölkəmizdə başladılan yardım kampaniyalarının nümunəsində də gördük. Dövlət səviyyəsində yardımla yanaşı, xalqımız da ilk gündən Türkiyənin yanında olduğunu, əlindən gələn köməyi göstərməyə hazır olduğunu nümayiş etdirir.
Dəhşətli hadisə baş verən andan etibarən Azərbaycan hər zaman olduğu kimi bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Faciə baş verən gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, fevralın 6-dan Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən fevralın 8-nə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim, 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraşda həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində bu günə qədər dağıntılar altından 47 nəfəri sağ, 290 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Bundan əlavə Azərbaycanın böyük bir könüllü qrupu da yardım üçün Türkiyədədir.
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, fond tərəfindən bu məqsədlə qardaş ölkəyə humanitar yardımlar göndərilir. Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi fevralın 9-da Türkiyəyə göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar. Fevralın 9-dək Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərərçəkənlər üçün ümumilikdə 60 ədəd çadır, 47 min ədəd isti geyim və digər ləvazimatlar, eləcə də 4 yüz min ədəd dərman və tibbi ləvazimatlar göndərilib. Heydər Əliyev Fondunun növbəti humanitar yardım təyyarəsi fevralın 10-da Türkiyənin zəlzələ bölgəsinə göndərilib. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. Fondun Türkiyəyə yardımları davam edir.
Eyni zamanda, fevralın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım - 14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Eyni zamanda 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardımı aparan təyyarə də Adana hava limanına enib. Yardım aidiyyəti üzrə təhvil verilib.
Türkiyəli qardaşlarımızın ağrı-acısını dərin kədərlə bölüşən xalqımızın hər bir üzvü onlara bu dar günlərində dəstək olmaq üçün səfərbər olaraq bir ürəyə dönüb. Bu gün Azərbaycanda vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs zəlzələdən zərərçəkən qardaşlarımızın ağrı-acısına məlhəm olmaq üçün əlindən gələn köməyi göstərməyə, onlara can-dildən maddi və mənəvi dayaq durmağa çalışır. Bir qardaşın dar gündə digər qardaşının harayına yetişməsinin misilsiz nümunəsini dünyaya nümayiş etdirirlər. Həmçinin qeyd edilməlidir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarının çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.
Bir sözlə, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, qardaş olan ikinci bir dövlət nümunəsi yoxdur. Eyni tarixi köklərə, ortaq dəyərlərə, eyni dinə, dilə malik olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. 44 günlük Vətən müharibəsi zamanı türk qardaşlarımızın Azərbaycana haqq davasında mənəvi dəstək durduğu kimi, indi bu çətin vəziyyətdə də xalqımız türk xalqına mənəvi dayaq olur. Dar gündə də, xoş gündə də bir-birimizə həyan, kömək, arxa-dayaq oluruq. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik.
Püstəxanım Qədirova,
Salyan şəhər 9 saylı uşaq bağçasının müdiri