Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin yaratdığı yeni reallıqlar fonunda enerji diplomatiyasında da güclü platforma yaradır. Avropanın əsas enerji təminatçılarından biri olan ölkəmiz artıq "köhnə qitə"dəki tərəfdaşlarını həm də "yaşıl enerji" ilə də təmin edəcək. Bunu reallaşdırmaq üçün həm kifayət qədər təbii resursu, həm də güclü siyasi iradəsi var. Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının birinci toplantısı da bu missiyanın hədəflərinin təqdimatı oldu.Bu toplantıda səslənən fikirlər isə bir daha onu deməyə əsas verdi ki, Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir.
Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev "Cənub qaz dəhlizi" barədə danışarkən bildirdi ki, bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olması gözlənilir. Qeyd edək ki, "Cənub qaz dəhlizi" çərçivəsində yaradılan Yunanıstanla Bolqarıstan arasındakı interkonnektor da bu layihənin genişləndirilməsindən xəbər verir. Bu interkonnektorun açılması Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verir, eyni zamanda qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır. "Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik" - deyə Prezident İlham Əliyev bildirib.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin ilk növbədə etibarlı tərəfdaş imici dayanır. Rəsmi Bakının formalaşdırdığı etibarlı tərəfdaş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə evsahibliyi etməsi ilə nəticələnir. Bununla yanaşı, Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya "yaşıl enerji" ixracına da başlayır. Bu baxımdan Bakının evsahibliyi etdiyi "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası xüsusilə önəm daşıyır.Tədbirdə çıxış edən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayıb. Dövlət başçısı tədbir iştirakçılarına Azərbaycanın bu istiqamətdə reallaşdırdığı layihələri təqdim edərək bildirib ki, ölkəmizdə "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda bp şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Yəni cəmi 710 meqavat. Əgər hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.
Mais Səlimov,
Salyan rayon Xalac-2 kənd tam orta məktəbinin direktor əvəzi