Almaniya və Fransa düşününcə Britaniya Ukraynaya tanklarını verir – Öyrənmə təlimləri başlayır
Ukrayna tankçıları tezliklə Böyük Britaniyada “Challenger 2” seriyalı tankları idarə etməyi öyrənməyə başlayacaqlar.
Bu barədə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Vadim Pristayko məlumat verib.
Onun sözlərinə görə, hazırlıq çox vaxt aparmayacaq. Britaniyalı təlimatçıların fikrincə, Ukrayna hərbçiləri daha çox maraq göstərdikləri üçün tez öyrənirlər: “Heyətlər Böyük Britaniyada təlimlərə başlamaq üzrədir. Ağır artilleriya sistemlərinin ekipajları artıq təlim keçir, tankçılar tezliklə gələcək”.
Xatırladaq ki, Böyük Britaniya Ukraynaya 14 “Challenger 2” tankı verəcəyini açıqlayıb.
“Challenger 2” Böyük Britaniyanın əsas döyüş tankıdır. Bu, ilk “Challenger” modelinin, 80-ci illərin tankının dərin modernləşdirilməsidir. O, 1993-cü ildən 2009-cu ilədək, İngiltərə Müdafiə Nazirliyi yeni zirehli maşınlar sifariş etməyi dayandırana qədər istehsalda olub.
Əlavə edək ki, ciddi təzyiqlərə baxmayaraq Almaniya və Fransa Ukraynaya tank verməkdə hələ də tərəddüd edir. Almaniya kansleri yalnız ABŞ-dan sonra bu addımı atacaqlarını bildirib.