Rusiya bizi məcbur edir…
Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən İctimai Televiziyanın efirində deyib.
Onun sözlərinə görə, 13 sentyabr hadisələri, eləcə də Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verib.
Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur:
“Bu, Ermənistan ərazisindən keçən dəhliz məntiqli yolun əldə edilməsi baxımından Azərbaycana dəstək kontekstidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin eskalasiyası da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur”, – Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını da təsdiqləyib:
“Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. Konstitusiyaya görə Ermənistan suveren dövlətdir və belə də qalacaq. Suverenliyin qorunması hazırkı Ermənistan hökumətinin missiyasıdır. İttifaq Dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, ona hərbi güc formasında başqa cür təzyiqlər edilir”.
***
Armen Qriqoryanın Rusiyanın Ermənistana təzyiqi ilə bağlı açıqlaması Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib.
Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın Zəngəzur dəhlizinin açılması və Rusiya-Belarus İttifaq Dövlətinə daxil olması üçün Ermənistana təzyiq göstərməsi barədə açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu:
“Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diktə etmək üçün geniş manevr imkanları yaradır”.
Politoloq həmçinin Armen Qriqoryanın müsahibədə Kremlə qarşı işlətdiyi digər fikrə də diqqət çəkib:
“Qriqoryan deyir ki, Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin İttifaq Dövləti təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib. Qriqoryan bu cümləsi ilə demək istəyib ki, 1) Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar; 2) İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb”.
Qeyd edək ki, Peskov Qriqoryanın açıqlamasına dərhal reaksiya verərək, bütün bunların yalan və təxribat olduğunu bildirib.