Deputat Prezidentlə görüşdən danışdı: "Qərbi Azərbaycana qayıdışla bağlı yol xəritəsi..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev doğum günündə - 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət edib, bir qrup ziyalı ilə görüş keçirib.
Prezident İlham Əliyev görüşdə Qərbi Azərbaycana qayıdışla bağlı bir sıra diqqətçəkən mesajlar verdi. Xüsusilə də Qərbi Azərbaycana qayıdışla bağlı konkret hədəflər göstərərək bununla bağlı dövlətin mövqeyini açıq şəkildə bəyan etdi.
“Mən ikinci dəfədir ki, o binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.
Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.
Görüşlə bağlı tədbirdə iştirak edən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Cebhe.info-ya təəssüratlarını bölüşüb.
F.Ağamalı bildirib ki, ölkə Prezidenti qarşıya qoyduğu strateji vəzifənin anonsu verib, daha sonra həmin vəzifənin yerinə yetirilməsi üçün yol xəritəsini önə çəkir:
“Cənab Prezident bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin təməlində Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı fərman imzaladı. Ona vaxtı ilə Qarabağ və Şərqi Zəngəzur İcmasının yerləşdiyi binanı verdi. 4 aya yaxın bir müddət keçəndən sonra Prezident İlham Əliyev doğum günündə - 24 dekabrda Qərbi Azərbaycan əsilli bir qrup ziyalı ilə görüş keçirdi. Cənab Prezident özünün doğum gününü hər zaman millətimiz və dövlətimiz üçün olduqca ciddi mahiyyət kəsb edən hadisələrlə əlaqələndirərək keçirir. Bunu biz onun prezidentliyi dövründə ən müxtəlif layihələrdə görmüşük. 24 dekabrda da məhz Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü də özünün doğum günü kimi əlamətdar bir hadisə ilə eyniləşdirdi. Görüş çox səmimi keçdi. Görüşdə millətimizin olduqca taleyüklü məsələ olan Qərbi Azərbaycan torpaqlarına qayıdışı ilə bağlı yol xəritəsini ortaya qoydu. Əlbəttə, orada digər məsələlər ətrafında da cənab Prezident dəyərli fikirlər səsləndirdi”.
Deputat qeyd edib ki, Prezident hansı vəzifərlərin həyata keçirilməsinin konturlarını həm görüş iştirakçılarının, həm də Qərbi Azərbaycan İcmasının qarşısında ciddi bir vəzifə olaraq müəyyənləşdirdi:
““Böyük Qayıdış” deyə bir ifadə də işlətdi. Bu gün Qarabağla, Şərqi Zəngəzurla bağlı belə bir konsepsiya var və bu, uğurla yerinə yetirilməkdədir. Ölkə Prezidenti tərəfindən belə bir fikir də səsləndirildi ki, nə qədər torpaqlarımız işğaldan azad edilməmişdi, bu məsələnin önə çəkilməsi bəlkə də doğru olmazdı. Artıq Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edilib, orada quruculuq və bərpa işləri gedir, son epizod olaraq Xankəndi və onun ətrafındakı ərazilərdə də suverən hüquqlarımız yaxın zamanda təmin ediləcək, belə bir tarixi məqamda qarşıya qoyulan vəzifə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Bunun üçün “Böyük Qayıdış” konsepsiyasının hazırlanmasının vacibliyini qeyd edən dövlət başçısı bunun üçün lazım olan işlərə start veriləcəyini, dövlət səviyyəsində köməklik göstəriləcəyini diqqətə çatdırdı. Eyni zamanda, həm daxili, həm də xarici auditoriyada Qərbi Azərbaycan torpaqlarının Azəraycanın tarixi torpaqları olaraq təqdim etmək məqsədilə tədqiqat əsərlərinin yenidən işlənməsi, onların elektron variantının hazırlanması çox əhəmiyyətli vəzifə olaraq qarşıya qoyuldu. Cənab Prezidentin bu hədəflərini, strateji xəttini çox böyük coşqu ilə alqışladıq”.
Fəzail Ağamalı əlavə edib ki, Tanrı Prezident İlham Əliyevin üzərinə çox böyük bir missiya qoyub:
“Bu missiya Azərbaycanın bütövləşməsidir. Azərbaycan torpaqlarını ədalətsiz şəkildə ayrı-ayrı güc mərkəzlərinin əli ilə alınıb müxtəlif dövlətlərin ərazisinə qatılmasını aradan qaldırmaq kimi bir missiyadır. Bu torpaqların bütöv bir Azərbaycanda cəmləşməsi missiyası cənab Prezident İlham Əliyevin taleyinə yazılıb. Bu, böyük bir missiyadır. Bu yolda cənab Prezidentə möhkəm can sağlığı arzulayıram. Təbii ki, biz də millət olaraq bu tarixi missiyanın yerinə yetirilməsində onunla bərabər olmalıyıq. Unutmayaq ki, bu tarixi missiyanı həyata keçirmək, reallaşdırmaq olduqca çətindir. Lakin bu çətin işin öhdəsindən müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident lider olaraq xalqı ilə bərabər gələcək. Yolumuz açıq olsun, Amin!”