“İRANIN AZƏRBAYCANA QARŞI ARTMAQDA OLAN AQRESSİYASI BİZİ ƏLAVƏ EHTİYAT TƏDBİRLƏRİ GÖRMƏYƏ VADAR EDİR”
Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayıb. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar da Azərbaycan-Türkiyə birgə təlimini izləyib. Təlimi izləyənlər arasında Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri də olub.
Milli Məclisin deputatı Fəzail Ağamalı Azxeber.com-a açıqlamasında bildirib ki, İranın Azərbaycana qarşı artmaqda olan aqressiyası bizi əlavə ehtiyat tədbirləri görməyə vadar edir:
“Bəlli olduğu kimi qardaş Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlər keçirməsi artıq ənənəvi xarakter daşıyır. Bu günlərdə genişmiqyaslı hərbi təlimin keçirilməsi məhz bu ənənəyə söykənir. Nəzərə alsaq ki, İranın Azərbaycana qarşı artmaqda olan aqressiyası bizi əlavə ehtiyat tədbirləri görməyə vadar edir. İran molla rejimi İran ərazisində yaşayan xalqların ciddi təzyiqi altından çıxması üçün ən müxtəlif variantlara əl ata bilər. Başqa sözlə desək daxildəki iğtişaşları yatırtmaq və insanların diqqətini guya İrana qarşı hansısa bir ölkənin təcavüz etməsini önə çəkərək, ən gözlənilən variant onun Azərbaycan qarşı təcavüzü də istisna olunmur”.
Deputat həmçinin bildirib ki, görüntülər, səfərlər, aparılan təlimlər göstərir ki, biz ciddi proseslərə hazırlıq mərhələsindəyik:
“Məhz bu baxımdan bir tərəfdən Azərbaycan Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfəri, orada Pentaqonun ən yüksək səviyyəli şəxsləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr, əldə olunan razılaşmalar oldu. Digər tərəfdən də məhz qardaş Mehmetçilərin geniş xarakter daşıyan iştirakı ilə Azərbaycanın İranla sərhəd boyu, yəni Cəbrayıl, İmişli, Astara ərazilərində təlimlərə başlaması onu göstərir ki, Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin prinsiplərinə, razılaşmalarına uyğun olaraq bu təlimləri keçirməklə İrana ciddi şəkildə xəbərdarlıq edir. Artıq təlimləri izləmək üçün qardaş Türkiyənin Müdafiə naziri özünün yüksək səviyyəli komandası ilə Azərbaycandadır. Cənab Prezident tərəfindən onun qəbul edilməsi, Müdafiə Nazirliyində aparılan danışıqlar, təbii ki, bunun detalları bizə bəlli deyil. Lakin bu görüntülər, səfərlər, aparılan təlimlər göstərir ki, biz ciddi proseslərə hazırlıq mərhələsindəyik”.
Deputat əlavə edib ki, İranın Azərbaycana qarşı aqressiyası, gözlənilən hücumunun qarşısını almaq üçün bütün tədbirlər görülür:
“Hətta bu təlimlər içərisində Bakı da yer alır. Burada Bakının bütün mənalarda hücumdan müdafiə sisteminin yaradılması da təlimin ən vacib şərtlərindən biridir. Beləliklə, "Qardaş yumruğu” adı altında keçirilən təlim hər kəsə Azərbaycana qarşı aqressiv münasibət bəsləyən hər kəsə ciddi xəbərdarlıqdır. Düşünürəm ki, bunun konkret mesaj kimi nəticələri olacaq və İran bundan nəticə çıxarmalıdır. Öz daxilində xalqın narazılıqlarını yatırtmaq üçün istifadə edə biləcəyi hər hansı bir dövlət və müharibə Azərbaycana yönələrsə, o, bundan olduqca ağır və sarsıdıcı zərbələr alar. Qardaş Türkiyə ilə bərabər Azərbaycan Ordusu artıq Təbrizin, Ərdəbilin, hətta Tehranın küçələrində görünə bilər”.
Milli Məclisin deputatı Ana Vətən Partiyasının Sədri Fəzail Ağamalı.