Zirvələrdə dalğalanan bayrağımızın əzəməti
Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin hərbi-diplomatik qələbəsi ilə Laçının düşməndən azad edilməsindən iki il ötdü
Minilliklərin yadigarı Laçın!
30 il öncə bu ulu yurdun başını qara buludlar alanda laçınlıların yaşadıqları iztirabları dilə gətirmək mümkün deyildi. Vaxtilə Sultan bəyin qabağında diz çökən erməni yaraqlılarından törəyənlər havadarlarının hesabına bu dağların əzəmətini azaltmaq, gözdən salmaq üçün məkrli siyasət yürütdülər. laçın illərlə düşmən qarşısında duruş gətirsə də, sonda təxribatlar nəticəsində laçınlılar doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar Yəni ki, Laçın da, digər işğal edilmiş ərazilərimizdən biri kimi, düşmən məkrinin, çirkin siyasətin qurbanı olmuşdu: 1992-ci ilin may ayının 18-də düşmən əsarətinə keçmişdi...
Laçının işğalının hər ildönümlərində o yurdlarda doğulmuşların qəlbindən qara qanların necə axmasını təsəvvür etmək o qədər də çətin deyildi. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayanda Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçının didərginlərinin qəlbindən qara qanlar axardı.
Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimiz daşnakların əlinə keçmiş, talanmışdı. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada minilliklərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələri, mənəvi sərvətlərimiz də kifayət qədər idi.
Nəhayət, bu dərdə çarə olan Qələbə Müzəffər Ali Baş Komandanımız tərəfindən çalındı: 2020-ci il dekabrın 1-də Laçın da Ermənistanın işğalından azad edildi. Bu ilin baharında dağlara, onun qalalar məskəninə, zirvələrə bahar gəldi - Qələbə sovqatlı, bayram əhval-ruhiyyəli. Şuşada “Xarıbülbül” musiqi festivalı, “Vaqif poeziya günləri” keçirildi. Laçınlıların isə üzügeri qayıdacaq köç karvanı yola düzülməkdədir.
Öncədən qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun əsaslı şəkildə yenidən qurulması ölkə başçısının quruculuq siyasətinin prioritetlərindən biri və əslində, birincisidir. Laçın və Kəlbəcərin də yenidən qurulması hər iki rayonun yollarından başladı. Kəlbəcər-Laçın yolundakı tunelin təməlini qoyduqdan sonra Laçın rayonunun Qorçu kəndi ərazisində inşasına başlanılan hava limanının da respublikanın qərb regionunun inkişafında mühüm əhəmiyyət kəsb etməsi göz önündədir.
Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirakı zamanı qeyd edildi ki, bu, tarixi və əlamətdar hadisədir. Çünki işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlının Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Bu il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Orada keçirilən görüşlər zamanı vurğulandı ki, Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək.
Müharibədən sonra ölkə rəhbərinin Kəlbəcər və Laçına səfərləri bir daha təsdiq etdi ki, artıq regionda yeni düzən formalaşıb. Nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar.
Həmin səfərlər onu da təsdiqlədi ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə edilməsi 44 günlük savaşdan sonra qazandığımız zəfər kontekstində formalaşan reallığa uyğun kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!
Laçının hava limanı cücərdəcək çox gümanı
Prezident İlham Əliyev Laçına səfəri zamanı işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin törətdiyi ekoloji cinayətlərə də diqqət çəkdi və onu törədənlərin məhkəmə qarşısında cavab verəcəklərini bəyan etdi. Digər tərəfdən, dövlət başçısı Laçın rayonunda, ümumiyyətlə, Şərqi Zəngəzur regionunda aparılan genişmiqyaslı bərpa işləri barədə də geniş məlumat verdi. Bu regionla müntəzəm əlaqənin təmin edilməsində mühüm rol oynayacaq iki tunelin təməli qoyuldu.
Prezident Laçın rayonunda beynəlxalq hava limanının təməlini atarkən bildirdi ki, pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərin bura ezam olunması da xüsusi qeyd edilməlidir: “700 kilometr yolların çəkilişi prosesi gedir və qışa qədər işin təqribən 80 faizi görüləcək. Bu da hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan verəcək”.
Eyni zamanda bu səfər zamanı Prezident bir daha bəyan etdi ki, Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar, biz bunu sonrakı mərhələyə saxlayırıq. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti strateji hədəflərə mərhələli şəkildə nail olmaq üçün aydın proqrama, müdrik siyasi uzaqgörənliyə sahibdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaq: “...Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir...”
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanın inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
Bir qədər də Laçının tarixinə, işğaldan əvvəlki vəziyyəti, mühasirə və Ermənistan tərəfindən ərazisinin ilhaqı, laçınlıların 27 illik yurd həsrəti, nəhayət, 10 noyabr üçtərəfli müqavilənin şərtlərinə əsasən, Azərbaycan dövlətinin başçısı, müzəffər Ali Baş Komandan İlham Əlyevin hərbi-diplomatik, dövlət-xalq-ordu birliyinin rəmzi olan “Dəmir yumruq”la azad edilməsi məsələrinə də ötəri nəzər salaq.
Bildiyimiz kimi, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Təəssüf ki. dağlar diyarında Azərbaycanın qala qapılarından biri sayılan, Sultan bəy kimi basılmaz sərkərdələr yurdu olan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi “Laçın dəhlizi” vasitəsilə daxil olmuşdu. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Laçının işğalından yaranan fəsadlara gəlincə, hər il təkrar edildiyi kimi, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Bir işğalçı dövlət kimi hərbi cinayətlərinin ifşası üçün bütün beynəlxalq birliyə verilən məlumatlardan bilinir ki, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Laçının doğma sahiblərinə qaytarılması
Xalqımız və dövlətimiz beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Daha sonra, yəni 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonunun yeni inkişaf dövrü başlayıb
İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın rayonunda da xeyli işlər görülüb. Birincisi, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu sahəsində də diqqətçəkən layihələr reallaşıb: Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Burada heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərlərini sadalayası olsaq belə birardıcıllıq alınar:
14.02.2021 - Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, Su-elektrik stansiyasının açılışı;
16.08.2021 - Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi;
26.06.2022 - Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq, “Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq,Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.
21.09.2022 - Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq, Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi...
Bəli, Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb tariximizə qızıl hərflərlə yazdığı Zəfərin bir səhifəsidir. Bu gün haqlı olaraq deyirik: “Laçın, sən Azadsan!”, “Qarabağ Azərbaycandır!”
İbrahim SADIQOV,
Kəlbəcər rayon Dövlət Arxivinin müdiri,
YAP fəalı