Regionun reallıqları, Azərbaycanın planları və qonşu dövlətlərlə ünsiyyət
Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın yaratdığı reallıqlar və qonşu dövlətlərlə ünsiyyəti dünyanın diqqət mərkəzində
Mərkəzi Asiyadan Anadolu yarımadasına qədər mühüm geosiyasi mövqedə yerləşən və zəngin sərvətlərə malik ölkələrdən olan Türkiyə, Azərbaycan, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Özbəkistan arasındakı yaxınlıq yalnız ortaq mədəniyyət, dil, din və bu kimi dəyərlərlə yanaşı, həm də ticarət əlaqələrinin qədim dövrlərdən qurulması və çoxşaxəli əməkdaşlığın tarixi inkişafı ilə bağlıdır. Avropa Birliyi ölkələrinin ərazisi ümumilikdə 4 milyon kv. km olsa da , 6 müstəqil Türk dövlətləri birlikdə 4.7 milyon kv. km ərazi deməkdir. Bu ölkələr birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir.
Türk dünyası ölkələrinin, tarixi “İpək Yolu” üzərində yerləşməsi onların Şərqlə Qərb arasında artmaqda olan ticarət dövriyyəsində önəmli rola malik olmağına şərait yaradır.İqtisadi inkişafına, əsas makroiqtisadi, sosial göstəricilərinə görə bir-birindən fərqlənən bu ölkələrin iqtisadi əlaqələri 90-cı illərdən sonra müstəqillik qazanan türkdilli dövlətlərin birləşməsi ilə intensivləşib. Bu baxımdan tarixi-coğrafi məkan, əxlaq birliyi, el sənətlərinin ümumiliyi, geoiqtisadi əlaqələrin varlığı, milli genetik birlik, mental dәyәrlәr bazasında qloballaşma vә regionlaşma çağırışlarını aktuallaşdıran bu ölkələrin yaratdığı Türk Dövlətləri Təşkilatı xalqların tərəfdaşlığı və əməkdaşlığı çərçivəsində regionda və dünyada sülhün, təhlükəsizliyin və stabilliyin təmin edilməsini hədəfləyir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı ölkələri geoiqtisadi əlaqələri və əlverişli coğrafi mövqeyi ilə bərabər, təbii ehtiyatların zənginliyi ilə də digər təşkilatlar və birliklərdən fərqlənir.
Əsas neft yataqları, təbii qaz, kömür, dəmir filizi və digər təbii ehtiyatlar ilə zəngin olan Türk Dövlətləri Təşkilatı ölkələri hər zaman enerji, nəqliyyat, logistika və s. bu kimi regional və qlobal layihələrin bir hissəsi olmuşdur. Dünya ticarətinin mərkəzi Qərbdən Şərqə dəyişən bir zamanında Türk Dövlətləri Təşkilatının sıx əlaqələr qurması və regional inteqrasiyası təşkilat ətrafında birləşən ölkələrin yerləşdiyi coğrafiyanı ticarət koridoru olaraq önəminin artmasına səbəb olub.
Bütün bunları nəzərə alaraq o qənaətə gəlmək olar ki, bu ölkələrin iqtisadi əsasları onların sosial və mədəni təməlləri ilə əlaqədədir.
Möhkəm təməl üzərində inkişaf edən Azərbaycan
Azərbaycanın 30 illik erməni işğalına son qoyaraq, 2020-ci ilin Vətən müharibəsində qazandığı Qələbə, ilk növbədə, ümumtürk inteqrasiyasının fəallaşmasına təkan olub. Azərbaycanın sülh sahəsində ədalətli mövqeyinin dünya arenasında müzakirəsi, o cümlədən siyasi və diplomatik sahələrdə əldə etdiyi nəaliyyətləin türk dövlətlər tərəfindən dəstəklənməsi böyük rol oynayıb. Ölkəmiz şanlı qələbəsindən sonra beynalxalq arenada yeni imkanlar yaratmaqla geopolitik xəritəsində bütövlükdə yenidən formalaşma reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Bu dəyişikliklər eyni zamanda geoiqtisadi əhəmiyyət daşıyır ki, bu da indiyə qədər mövcud olmuş iqtisadi düzənin yeni şərtlər daxilində ciddi şəkildə modernləşdirilməsinə yol açır.
Noyabrın 25-də Bakıda, ADA Universitetində Prezidenti İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirəsi ilə bərabər, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransda çıxışı zamanı “Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin – Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir”,- deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələrinin yaranması ilə Azərbaycanın regional gücə çevriləcəyini müjdəsini verib. Əlbəttə, bu əlaqələrin qurulması çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır.
Çıxışında “Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik” söyləyən ölkə başçısı Qarabağın və Zəngəzurun bərpasının bütün ölkənin yenidən qurulmasının modeli hesab edildiyini vurğulayıb. Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.
2017-ci ildə işə salınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan, Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edən “Orta Dəhliz” layihəsinin əhəmiyyəti 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlanmasından sonra kəskin şəkildə artıb. Belə ki, tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in region ölkələrinin həyata keçirdiyi konkret addımlar ilə əhəmiyyətli marşruta çevrilməsi də Zəngəzur dəhlizinin yaradacağı iqtisadi fürsətlərə zəmin yaradır.
Türkmənistan üçün Avropaya açılan pəncərə
Bu gün dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək, Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Dövlətimizin başçısı konfransda “Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik”,-deyərək, bu layihənin əhəmiyyətini də xüsusi vurğulayıb: “... Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq”...
Bu gün Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, ölkəmiz Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Bununla bağlı Azərbaycan Prezidenti demişdir ki, bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir: “... Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.
Ölkə başçısı həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyinin Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirilməsindən danışdı.
Ölkələrin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz müstəqil dövlətlərin beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi geosiyasi və geoiqtisadi çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv münasibətlərdən asılı olur. Azərbaycanın region və dünya ölkələri ilə münasibətlərərdə yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən ən başlıcası Prezident İlham Əliyevin söylədiyi kimi, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugunkü reallığın yaradılmasına kömək edib.
Aygül Bağırova