Cənubi Qafqaz ölkələrinin yeni əməkdaşlıq platforması
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycanın Gürcüstanla münasibətləri olduqca yaxşı səviyyədədir. Prezident İlham Əliyevin Gürcüstana son səfəri münasibətlərimizə yeni bir nəfəs gətirdi, güclü impuls qazandırdı. Onun fikrincə, bu səfər iki dövlət arasında münasibətlərin istiqamətlərini və arealının miqyasını daha da konkretləşdirməklə yanaşı, həm də ilk növbədə regiona iki aktorun baxışının necə olduğu, olması və olacağı haqqında bütün daşları yerinə otuzdurdu. Üstəlik, onu da nəzərə alaq ki, mövcud siyasi proseslər fonunda iki dövlətin sərgilədiyi mövqe indiki məqamda daha da üst-üstə düşür. Yəni Gürcüstan da birmənalı olaraq regionda eskalasiyanın deyil, yeni əməkdaşlıq platformalarının yaradılmasında, mövcud olanlarınsa daha da dərinləşdirilməsində maraqlıdır.
Azərbaycan-Gürcüstan münasibətlərinin, həm də strateji əhəmiyyət kəsb etdiyini deyən Ş.Həsənovanın sözlərinə görə, birgə olmaqdan başqa alternativ mövcud deyil: “Dövlət başçımızın da bildirdiyi kimi Gürcüstana səfər zərurətin təzahürü idi. Enerji sahəsindəki əməkdaşlığımıza icrası nəzərdə tutulan və üzərində işlənilən yeni layihələrin də əlavə olunması regional təhlükəsizliyə və dayanıqlı iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir edəcək. Bu iki önəmli amilin daha da möhkəmləndirilməsi üçün Azərbaycan Ermənistana da məsləhətləşmələr forması ideyası ətrafında olsa belə regionda əməkdaşlığa alternativin olmadığını göstərməyə çalışır. Azərbaycan və Gürcüstan bunu təbii hesab etsə də, dövlət başçımızın da vurğuladığı kimi diktə siyasətindən əl çəkməyən Ermənistan, həm də bəzi sponsorlarından çəkinərək onları məyus etmək istəmədiyi üçün kənarda dayanır. Ermənistan, həqiqətən də, sülh istəyirsə, ön şərt qoymadan Gürcüstanda üçtərəfli sammit keçirilə bilər. Ermənistan illər ərzində Cənubi Qafqaza inteqrasiya olunmaq imkanını da itirmişdi, indi isə tarixi şans yaranıb. Sülh müstəqillikdən keçir, Ermənistan öncə müstəqil qərar qəbul etməlidir. Əməkdaşlıq olmasa belə məsləhətləşmələr başlamalıdır. Ermənistan istəsə regional əməkdaşlığa inteqrasiya ola bilər, istəmədiyi halda Azərbaycan və Gürcüstan üçün Qara-Xəzər dənizi, Mərkəzi Asiya-Avropa əlaqəsi olmaqla digər əməkdaşlıq coğrafiyası da mövcuddur. İllər ərzində enerji resurslarımızın Gürcüstan vasitəsilə Avropaya ötürülməsi üçün təşəbbüskarı Azərbaycan olan mövcud meqa layihələr öz sözünü deyir”.