Tokayevin adiçməsi oldu – 1 dəfə və 7 il hakimiyyətdə olacaq
Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Müstəqillik Sarayında rəsmi andiçmə mərasimi başlayıb.
Dövlət başçısı tədbirin keçirildiyi saraya gəlib.
Andiçmə mərasimində hökumət üzvləri, deputatlar, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin digər qonaqlar iştirak edirlər.
Xatırladaq ki, Qazaxıstanda keçirilmiş prezident seçkisində seçicilərin 81,31%-i Kasım-Jomart Tokayevə səs verib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Qazaxıstan Respublikası Prezidenti kimi mənə həvalə edilən yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli şəkildə and içirəm”, – o, andiçmə mərasimində deyib.
Tokayev xalqın etimadını doğrultmaq və Qazaxıstanı firavan dövlətə çevirmək üçün səy göstərəcəyini vəd edib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Tokayevə respublika prezidentinin vəsiqəsini təqdim edib.