Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc yeridir
Azərbaycanın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcər zirvədir, ucalıqdır.. Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc yeridir. Bu yurdun hər qarışı tarixdir. Kəlbəcər ölkənin ən yüksək dağ rayonu, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərindən başlayan erməni təcavüzü Kəlbəcərdən də yan keçmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya girov götürülmüş, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. Ən dəhşətlisi isə budur ki, ermənilər Kəlbəcərdə mülki əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq etmişdilər. İnsanlar amansızcasına qətlə yetirilmişdi. İşğal dövründə düşmən Kəlbəcərdə bütün infrastrukturu, yaşayış yerlərini dağıdıb, mədəniyyət və dini abidələri məhv edib, ekoloji terror həyata keçirib. Azərbaycan xalqına məxsus sərvətləri talan edib.
Düşmən Ermənistanı Qarabağla birləşdirmək, Kəlbəcər və digər ərazilərimizdə məskunlaşmaq üçün qədim Göyçə mahalının Basarkeçər (ermənilər "Vardanes" adlandırırlar) rayonundan Kəlbəcərə yol çəkmişdilər. Ermənilər bu yolla həm təbii sərvətlərimizi, oğurladıqları, söküb dağıtdıqları evlərin əşyalarını daşıyırdılar, həm də bir gün qaçacaqlarını bildikləri üçün Laçın dəhlizindən başqa, alternativ yola sahib olmaq niyyətində idilər. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 822 saylı qətnamə qəbul edilib. Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. Nəhayət, Azərbaycan öz gücü hesabına, təkbaşına bu qətnamənin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər tarixi sahiblərinə qaytarıldı. Heç zaman ermənilərə aidiyyəti olmayan Kəlbəcər bu müddət ərzində terrorun demək olar ki, bütün növlərinə məruz qalıb. 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən barbarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib.
Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də azadlığına qovuşdurulması ilə ürəyimizdə qaysaq bağlamış Kəlbəcər yarası sağaldı. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Hazırda Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmiş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur.
Kəlbəcərin geri qaytarılması güclü Azərbaycan dövlətinin, dünyanın 50 ən güclü ordusundan birinin iradəsi hesabına mümkün oldu. Prezident İlham Əliyevin cəsarətli, prinsipial və düşünülmüş siyasətinin nəticəsidir ki, bu gün Kəlbəcər azaddır. Kəlbəcərin işğaldan insan itkisi vermədən azad edilməsi Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə qəhrəman oğullarımızın şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Artıq bu torpaqlar uğrunda qan tökmüş şəhidlərimizin, günahsız qurbanlarımızın, məzarları təhqir edilmiş babalarımızın ruhları rahat uyuyur. Bu torpaqları bizə qaytaran, milli qürurumuzu ucaldan, bizi birliyimizə, gücümüzə inandıran Ali Baş Komandana, Azərbaycan Ordusuna, igid oğullarımıza eşq olsun!
Aygün Abdullayeva,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi