Mehriban qonşuluq və İslam həmrəyliyinə zidd olan siyasət
Müzəffər Ali Baş Komandan, Cənab prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti, qətiyyəti və xalqımızın misilsiz qəhrəmanlığı nəticəsində artıq tarixə çevrilən Qarabağ münaqişəsi və Ermənistanın işğalı dövründə bir şeyin şahidi olduq ki, bəzi dövlətlərin sözü ilə əməli vəhdət təşkil etmədi, ədalətdən, beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün toxunulmazlığından ağızdolusu danışıb konkret addım atmaq zamanı gələndə açıq-aşkar təcavüzkarın yanında oldular, münaqişənin həllinə ikili standartlar mövqeyindən yanaşdılar. Təəssüflər olsun ki, belə dövlətlərin sırasında İran da yer aldı.
Qarabağ münaqişəsinin bitməsindən keçən iki il ərzində İran bölgədə sülhün bərqərar edilməsi, münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Zəngəzur dəhlizinin açılması məsələsi İranın ən çox narahat edən məsələlərdən biridir. Bunun əksinə olaraq Azərbaycan həmişə İranla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıb və bu ölkə ilə sıx əməkdaşlıq edib. Əhalisinin böyük əksəriyyətinin - 30 milyon nəfərin azərbaycanlılardan ibarət olduğu İranla münasibətlərdə Azərbaycan hər zaman mədəni və mənəvi dəyərlərə sadiq qalmaq prinsipləri baxımından çıxış edib. Amma İran hətta ölkəmizə qarşı təxribat xarakterli əməllər törətməkdən əl çəkmir. Məsçidləri dağıdan, müqəddəs inancları təhqir edən bir ölkənin ərazisində konsulluğunu açan İran hətta guya Azərbaycanda dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu da iddia edir. Bu gün İranın açıq-aşkar din amilindən bir pərdə kimi istifadə etdiyi artıq heç kimdə şübhə oyatmır.
İranın Azərbaycanla sərhəd ərazilərinə qoşun yığmasını, hərbi təlim keçmək adı ilə güc göstərməyə çalışmasını ölkəmizə qarşı təhdid hərəkətlərindən başqa bir şey adlandırmaq olmaz. Amma İran bir şeyi yaddan çıxarmamalıdır ki, heç kim qalib və haqlı Azərbaycanla təzyiq dilində danışa bilməz.
Azərbaycan dövləti dəfələrlə yüksək tribunalardan bəyan edib ki, işğalçıya dəstək olmaq işğalçılıq siyasətini müdafiə etmək deməkdir. Hər kəsə məlumdur ki, bu gün regionda ədaləti, beynəlxalq hüququ bərpa edən Azərbaycan oldu. İran isə əksinə, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Ermənistana sevgisini hər addımında büruzə verdi və bu gün də həmin ikiüzlü siyasətini davam etdirir.
Bütün bunlara baxmayaraq Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən birini qonşularla münasibətlərin normal səviyyədə olmasında görür. Vətən müharibəsindəki qələbədən, torpaqlarımızı azad etdikdən sonra bu gün biz Ermənistana sülh təklif edir, münasibətlərimizin normallaşmasına çalışırıq.
Yekun olaraq bildirmək istəyirəm ki, İranın riyakar hərəkəti İslam dəyərlərinə qarşı xainlikdən başqa bir şey deyildir. İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. Bu gün İran 44 günlük Vətən savaşının yaratdığı yeni reallıqları dərk etməli, davamlı sülhə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyan Azərbaycanın atdığı addımlara mane olmamalı və bütün bu təxribatçı hərəkətlərindən əl çəkməlidir.
Aytac Ağayeva.
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbində kimya müəllimi, YAP fəalı.