Tarixi qardaşlıq münasibətlərinə və İslam həmrəyliyinə xainlik
İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışları davam etməkdədir. 30 il müddətində bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verərək etibarsız qonşu olduğunu nümayiş etdirir. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın riyakar hərəkəti İslam dəyərlərinə qarşı xainlikdən başqa cür qiymətləndirmək olmur. İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. Bundan başqa, açıq təxribatlar və gücə təhrik göstərir. İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Ümimiyyətlə baxdıqda Yaxın və orta şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıq isə budur ki, İranın nə təsvir edilən formada “hərbi qüdrəti” var, nə də “müsəlman təəssübkeşliyidir”. İranın apardığı uğursuz xarici siyasəti və əsassız ambisiyaları əslində ölkəni acınacaqlı duruma gətirib çıxarıb. İran son 40 ildə qatıldığı heç bir müharibədəqalib olmayıb,“himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb.Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. İran təsir etmə şəbəkələri yaratmaqla, əslində xaos yaratmağa cəhd edir. İran "İmam Xomeyni İmdad Komitəsi" və Mədəniyyət Mərkəzi vasitəsilə "humanitar yardım" paylamaq adı altında bütün bölgələrdə strukturlaşıb, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib və bununla Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin hərbi qüvvələri bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə etməyə çalışan İran, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vurur, özünü dünyamüsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verməklə, sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.İran İslam həmrəyliyinə zidd olan siyasət aparır. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. İran artıq Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərir. Ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışdılar. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquqmühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İran təxribatlarının miqyası genişlənməkdədir. İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış edir. İranın xarici siyasətinin mahiyyətini bildirən açıq qalmış suallar var. Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını niyə tələb etmir?! İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır, Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir.İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz. İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. Prezident İlham Əliyev, bu günlərdə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Murad Vəlizadə ,
Salyan rayon Qaraçala qəsəbə inzibati
ərazi dariəsi üzrə nümayəndəsinin müavini , YAP fəalı