13 Yaşlı "PUA: İstehsalçısı Həsən Quluyev
Bu gəncin adı Həsən Quliyevdir. Cəmi 13 yaşı var, amma artıq “AzAstro” startapının təsisçisi və icraçı direktorudur. Startap PUA-lar, raketlər, model peyklər və onların hissələrinin istehsal edilməsi ilə məşğuldur və “İstikbal-1”, “İstikbal-2” və “Atilay” adlı 3 PUA layihəsi mövcuddur.
“İstikbal-1” müşahidə təyinatlı drondur. Həm döyüş meydanında həm də fövqəladə hallar(yanğın və s.) zamanı istifadə oluna bilər. Sərhədboyu zonaların monitorinqini və müşahidəsini aparacaq.
“İstikbal-2” yük qabiliyyəti ilə raketləri daşıya biləcək. Müdafiə və məhvetmə əməliyyatlarında aktivliyini göstərəcək.
Hər ikisi 24 saatdan çox uçuş müddətinə, 30 000 fitə qədər uçuş məsafəsinə malik olacaq. Əlavə olaraq hədəfi izləmə, lazerlə işarələmə, xəritələmə kimi özəlliyi olacaq. İstikbal adını isə Atatürkdən və Rasulzadədən ilhamlanaraq, iki dövlətin dostluğu rəmzinə seçibdir.
“Atilay” sualtı dron layihəsidir. 100 metrə qədər su altında istifadə oluna bilər. Neft-qaz boru kəmərləri, qitələrarası şəbəkə xətlərinin müşahidəsinin aparılmasında iştirak edəcək. Fiber-optik internet xətlərində də öz aktivliyini göstərəcək.
Kiçik yaşına baxmayaraq böyük komanda yığa bilib. Komandasında 55-dən çox adam işləyir. Texniki komandasında azərbaycanlılar ilə birlikdə xarici mühəndislər də işləyir: türk, hindistanlı, iranlı. Komandanın hər bir üzvü könüllü olaraq fəaliyyət göstərir.
Startap sıfır sərmayə ilə qurulub. Hazırda “Azərkosmos” ASC ilə danışıqlar aparırlar.
Emin Xuduyev