Siz azərbaycanlı ola bilməzsiniz… Əli Kərimlinin fiaskoya uğrayan növbəti şousu...
Yazımın adını tərəddüd etmədən seçdim. Bilirəm ki, ürəyində millət, Vətən, torpaq sevgisi olanlar məni yaxşı anlayacaqlar.
Məlum olduğu kimi, qaşınmayan yerdən qan çıxarmağı, milçəkdən fil düzəltməyi peşəkarlıqla bacaran dağıdıcı müxalif partiya sədrləri yenidən həvəsə düşərək, 30 sentyabrda aksiya keçirmək niyyətində olduqlarını bəyan etdilər. Hətta ənənəvi ampluasından çıxış edən AXCP sədri Əli Kərimli mitinqin iştirakçılarının sayının on minlərlə olacağı barədə başından böyük açıqlamalarla çıxış edirdi. Bakı Şəhər İcra Hakimiyyəti partiyanın Milli Məclisin qarşısında aksiya keçirməsini məqsədəuyğun saymadi.Lakin kor tutduğunu buraxmadığı kimi,yeni şou yaratmaqla gündəmə gəlmək arzusunda olan Əli Kərimli və onun qəbildən olan insanların fiaskoya uğrayan növbəti şousu uğursuz nəticələndi!
Güya siyasi partiyalar haqqında qanuna etiraz edən Əli Kərimli axı hər zaman heç bir partiyanı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyir.Axı sən həmişə satqınçılıq etmisən, həmçinin, Azərbaycanda heç bir partiyanı müxalifət kimi qəbul eləməmisən. Sən bu günə qədər hər hansı bir siyasi liderin, partiyanın başına gələn hadisə ilə bağlı hansı həmrəylik nümayiş etdirmisən ki, bu gün də partiya qanununa belə bir dəstək tələb edirsən? Bəsdir, o qatar getdi…Bir də müxalifət partiyaları sənin katibən deyil. Katibən satqın, mənəviyyatı olmayan Sevinc Osmanqızının kanalından düşmürsən.
Əli Kərimli siyasi fəaliyyətə başladığı andan indiyə qədər ötən müddətdə siyasi təcrübəsi formalaşmayan, dünyada və Azərbaycanda baş verən prosesləri dərindən mənimsəməyən gəncləri tora salıb, onlardan hər zaman öz məqsədləri üçün istifadə edib.Lakin bugündə xəyalları suya düşən "partiya sədri"nin arzusu ürəyində qaldı. İzlədiyim gülünc səhnələrdə isə anlaşılan odur ki, "beşinci kalon"un bu niyyəti də baş tutmadı və xarici qərəzli dairələr Azərbaycandakı xalq-iqtidar birliyi qarşısında diz çökdülər!
Bundan əlavə, sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat nəticəsində düşmən üzərində növbəti qələbəmizin sevincini təkcə Azərbaycan deyil, bütün Azərbaycan sevər dünya ölkələri yaşadı. O gün bütün dünya Azərbaycandan danışdı. Və bu gün də danışır. addım-addım torpaqlarını işğaldan azad etməsi hər bir azərbaycanlını qürurlandırır, hər birimizin NÖVBƏTİ ZƏNGƏZURLU,QƏRBİ AZƏRBAYCANLI bütöv Azərbaycanımızı görmək arzusu ilə yaşayırıq.Son hadisələrdən sonra Göyçəni, Sevan gölünü 30 ildir ki, yolunu gözlədiyimiz vətən mənzərələrimizi izlədikcə ürəyimiz dağa döndü.
Bu da təbiidir ki, bütün bunlar erməni vandallarını narahat etməyə bilməzdi. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti həmişə olduğu kimi yenə də real həqiqətləri təkzib etdi. Son zamanlarda dərin hərbi və iqtisadi böhran keçirən Ermənistan tərəfinin bu açıqlaması olduqca gülünc göründü…
Düşmən tərəfin hiddətini, məsələnin əsl mahiyyətindən yayınmaq cəhdlərini anlamaq olar. Amma… Məsələnin başqa tərəfi bir vətəndaş kimi məni və milyonlarla azərbaycanlını çox narahat etdi.Ordumuzun yüksəklikləri tam nəzarəti altına keçməsinə laqeyidliklə yanaşan, hətta bu tarixi uğuru şübhə altına alan açıqlamalar verən “həmvətənlərimizin” fikirlərini oxuduqca dəhşətə gəldim. Bəs onlar daha kimdirlər? Öz xalqına uğursuzluq arzulamaqdan yorulmayan uğursuz “Milli Şura” təmsilçiləri! Onun çətiri altına sığınmış, hansısa konkret səhvinə görə işdən qovulmuş və imkan tapan kimi ölkədən çıxıb “ana müxalifət”ə çevrilmiş keçmiş vəzifə sahibləri...
Bu insanlar torpağımın insanı ola bilməz...
Məmləkətimin övladı ola bilməz. Özü də bu fikirləri bildirənlər hansısa xarici ölkələrdə yaşayan, torpaq, el-oba təəssübündən məhrum olanlar, ordumuzun uğurlarına həmişə kölgə salmağa çalışan saxta vətənpərvərlərdi. Dünya erməniliyinin maliyyəsinə şirniklənən, Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə məskunlaşan əqidəsiz insanlardır.
Sosial şəbəkələrdə işğaldan azad edilən ərazilərdən hazırladığı videoreprtajda hər şey aydın göstərildi, bu qələbə milyonlarla soydaşımız tərəfindən böyük sevinclə qeyd edildi. Lakin buna baxmayaraq, sosial şəbəkələrdə uğurlarımızı şübhə altına salmağa çalışan “qəhrəmanlar”, müzəffər ordumuzu hayasizcasina təhqir etməkdən utanmayan, xaricdə yallanıb dəyəri 2 qəpik olan “televiziyalarda” bu tarixi qələbəyə saxta ekspertlərin iştirakı ilə verilən “qiymətə” nə ad verək? Ermənistanda əhali bizim bu qələbəmizə görə hakimiyyətin üstünə qalxıb tarixi uğursuzluq adlandırır, siz isə düşmənin dəyirmanına su tökməkdən yaxa qurtara bilmirsiz. Əsrlər boyu xalqımıza qarşı soyqırımlar törədən, bizim torpaqlarımızda özlərinə dövlət quran ermənilərdən fərqiniz nədir görəsən? Sizin etdiyiniz bu hərəkətlər Mirzə Ələkbər Sabirin “Millət deyir” taziyanəsində bircə beytdə faş edilir:
“İntelegent ağalar, biz sizi çoxdan tanırıq,
Bilirik sizdə bu gün qeyrəti millət yoxdur”
Siz “ağalar” gündə bir rəngə düşən buqələmunlar kimi öz rənglərini dəyişə-dəyişə heç kimi aldada bilməyəcəksiniz. Od olsanız da, ancaq özünüzü yandıracaqsınız. Sizin mayanız xəyanətkarlıqla yoğrulub. Milli mənlik şüurundan, vətənpərvərlik hissindən məhrumsunuz.Vətən uğrunda biz qalib xalq kimi qürrələnək yaşayaq deyə cavan canından keçən şəhidlərimizin ruhlarına hörmətiniz olsun. Sizin bu hərəkətiniz Azərbaycan xalqına, onun qəhərmanlıq tarixinə hesablanmış ən böyük xəyanətdən başqa bir şey deyil. Siz azərbaycanlı ola bilməzsiniz. “Mən, azərbaycanlıyam” deməyə sizin ixtiyarınız da yoxdur. Çünki sizin mayanız xəyanətkarlıqdan yoğrulub. Sizin ruhunuz dünyaya gəldiyiniz torpağın havasından, suyundan yoğrula bilməz. Əsl vətənpərvər insanda doğma yurd, torpaq sevgisi onun hissinə, duyğusuna hopur, canına, qanına işləyir. Ancaq bu təqdirdə mən Azərbaycan, Azərbaycan da mən deməkdir. Belədirsə, Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udub böyüyən, bu torpaqda yaşaya-yaşaya, Azərbaycana Vətən deyə-deyə bu iftiraları yaşamaq və yaymaq nə dərəcədə doğrudur? Bu hərəkətinizdən utanırsınızmı? Azərbaycanın hamımızın evi olduğunu unutmayın. Vaxt varkən ya papaqlarınızı qabağınıza qoyub fikirləşin, ya da vicdanınızın (əgər varsa) səsinə qulaq asın. Vətəni satmaqla heç nə qazanmaq olmaz, çünki ondan qiymətli heç nəyimiz yoxdur. Elə bu yerdəcə böyük ustad Üzeyir bəy Hacıbəylinin bir sözü yadıma düşür: Küyçülər iki cür olur: birisi anlaya-anlaya pisi yaxşı, yaxşını pisləyir, çünki qərəzi-şəxsi var. Və o qərəzi-şəxsini hər şeydən üstün tutur. Birisi də anlamadığına görə pisə yaxşı, yaxşıya da pis deyir, çünki başa düşmür, ağlı kəsmir, hər ikisinin cəmiyyətə zərəri var”. Bəli, cənablar, sizin qərəzi-şəxsiniz var. Bu qərəzinizi anlamaq olar. Ancaq Vətənə xəyanəti bağışlamaq olmaz. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”.
Bəylər, xanımlar, kinli olmayın. Azərbaycanın dünyada qazandığı uğurlara, gələcəyə doğru atılan addımlara, sabaha inanan və bunun üçün çalışan, vuruşan insanlara qarşı kinli olmayın. Müasir insanların dünyagörüşü, düşüncəsi, intellekti, yeni dünyada baş verənlərə münasibəti də 10-15 il qabaqkından çox fərqlənir. İndi hər şey göz qabağındadır. Xalq da, vətəndaş da həqiqəti olduğu kimi qəbul edir. Ona görə də, öz içinizdə olan kini, yaramaz düşüncəni başqalarının adından dilə gətirməyin. Kiməsə qara yaxıb görmədiyi işləri onun üstünə atmağa, vətənpərvər insanlara çamur yaxmağa, başınız çıxmayan işlərdən baş çıxarırmış kimi davranıb camaatı yanıltmağa, başqalarının adından danışmağa, istedadlı, bacarıqlı adamlara həsəd aparmağa çalışmayın!
Öz işinin peşəkarı olub, dövlətə, xalqa sədaqətlə xidmət edən gənclərə, ziyalılara, qələm sahiblərinə “sizdən daha yaxşıdır” deyə düşmən olduğunuz fədakarlara paxıllıq etməyin, əl-ayaqlarına dolaşıb mane olmayın. Bacarırsınızsa, böyük olun, BÖYÜK! Bacarmırsınızsa, kiçiksinizsə, heç olmasa kinli olmayın. Unutmayın ki, əgər kinlisinizsə demək nə boyda olursunuzsa olun, yenə də kiçiksiniz və kimsə atılan böhtanlara, deyilən boş sözlərə fikir vermirsə, heç kim heç kimdən qorxmur, sadəcə adamlar sabah üçün daha yaxşı iş görməklə məşğuldurlar !
Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki, qeyd etdiyimiz kimi, dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib və ən başlıcası, iqtisadi və siyasi böhran sularında üzən üçrəngli qələbə bayraqlı, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir.
P.S. Mövzu elə bu kateqoriyadan olan adamların hamısına aiddir. Yerindən, mövqeyindən asılı olmayaraq.
Aygül Bağırova.