Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu
Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan liderinin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
Təbii ki, türkdilli dövlətlər arasında sıx təmasların qurulması bəzi kənar dairələrin maraqlarına ziddir. Ona görə də bunun digər dövlətlər tərəfindən normal qarşılanmaması anlaşılandır. Azərbaycan Prezidentinin türkdilli dövlətlərin başçıları ilə istər telefon danışıqları, istərsə də canlı görüşləri bütün türk dünyası ilə münasibətlərin yüksələn xətlə daha da inkişaf etməsində böyük rol oynayıb.
Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. Bu sıraya TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi, 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi, iqtisadi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş digər məsələlər aiddir.
Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxstan, Özbəkistan, Qırızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyəti göstərməsində xidmətləri böyükdür.
Bir daha məlumat üçün bildirək ki, Türk Dövlətləri Təşkilatı 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.
Qeyd: 8-ci Zirvə Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı "Türk Dövlətləri Təşkilatı"na (TDT) dəyişdirilmişdir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan üzv dövlətlər, Macarıstan, Türkmənistan isə müşahidəçi dövlətlərdir.
Təşkilatın məqsədləri eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranmasıdır.Hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012, 2016 və 2021-ci il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.
15 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının 7-ci Zirvə Görüşü keçirilmişdir, həmçinin Zirvə Görüşü çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Biznes Forum keçirilmişdir.
2021-ci il noyabrın 12-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.Bununla bağlı qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi haqqında” qərar qəbul etmişdir”.
Ali Ordeni təqdim edərkən Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsinin türk dünyasının birliyini və bərabərliyini genişləndirdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır".
Dövlətimizin başçısı isə Zirvə Görüşündə çıxışında bildirdi ki, "Bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir".
Qazaxıstan, Qırğız, Türkiyə və Özbəkistan respublikalarının prezidentlərinin imzaladığı bu sənəd bütün türk dünyası üçün qələbənin necə böyük önəm daşıdığını, necə qürur doğurduğunu, Azərbaycanın türk dünyasının parlayan ulduzuna çevrildiyini təsdiq edir. Və ən başlıcası odur ki, Prezident İlham Əliyev öz adını qızıl hərflərlə türkdilli dövlətlərin hərb tarixinə həkk etdi.
Etiraf etmək lazımdır ki, uzun müddət türkdilli dövlətlər arasında əlaqələr arzuolunan səviyyədə olmamışdı. Keçmiş MDB məkanı bunun üçün əlverişli deyildi. Amma artıq durum dəyişib: indi Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin davam etməsi nəticəsində münasibətlərimiz inkişaf edir, xalqlarımız bir-birinə yaxınlaşır, gücümüzə güc qatılır.Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən, Azərbaycanın faydalanacağı şübhəsizdir.
İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar yaradır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.Bu isə o deməkdir ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın sabahı naminə çalışmır. O, türk dünyasının da möhtəşəm gələcəyinə zəmin yaradılmasına sidq ürəklə xidmət edir. Çünki bu əsr bizim əsrimizdir!.
Aygül Bağırova