Deputat: "Zərrə qədər güzəşt etməməliyik"
"Azərbaycan Ermənistanın ölkəmizə yönəlmiş olan bütün hiylələrini, silahlanmış qüvvələrini, silah anbarlarını, mövqelərini axıra kimi darmadağın etməlidir. Zərrə qədər də güzəştimiz olmamalıdır. Ermənilərə 44 günlük müharibəki kimi ciddi zərbələr vurulmalıdır".
Bunu Cebhe.info-ya Milli Məclisin deputatı Fəzail Ağamalı Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsindən danışarkən qeyd edib. O bildirib ki, nə erməni diasporu, nə Ermənistanın arxasında duran ayrı- ayrı beynəlxalq təşkilatlar, nə də müxalifət və iqtidar qarışıq Ermənistan cəmiyyəti qələbəmizi qəbul edə bilir:
"Ermənistan Azərbaycanın 44 günlük Zəfərini həzm edə bilmir. Onlar müxtəlif yollarla indiki "status- kvo"nu saxlamaq, prosesi dondurmaq istəyirlər. Düşünürlər ki, bununla da gələcəkdə ermənilər üçün əlverişli şərait yarana bilər. Ermənilər onları himayə edən dövlətlərin hərtərəfli yardımı ilə yenidən Qarabağa hücum etmək istəyirlər. Bu yaxınlarda Rusiyanın keçirmiş olduğu tədbirdə də Paşinyan sülh tərəfdarı olduğunu ifadə etdi. Bunu parlament üzvlərinin qarşısında bu və ya digər şəkildə də etiraf etdi. Lakin görünən reallıq bundan ibarətdir ki, Ermənistan təxribatlar törədir və bu, artıq intensiv xarakter daşıyır. Sonuncu olan məkrli təxribat idi. Çünki təxribatdan sonra dərhal beynəlxalq təşkilatlara və dövlətlərə müraciət edib, onları məlumatlandırıblar. Deməli, bu, əvvəldən hazırlanmış ssenaridir".
Deputat bildirib ki, Ermənistan heç nəyə nail ola bilməyəcək:
"Bu mümkün də deyil. Çünki təxribatı törədən onlardır. Ermənistana çox qətiyyətli cavablar verilib və verilməlidir. Ermənistana bir gecədə necə zərbə vurulubsa, cəmiyyət şok vəziyyətindədir. Buna davam etməliyik".
Parlament üzvünün fikrincə, ordumuz ermənilərə elə bir tarixi dərs verməlidir ki, onların regionda qalıb- qalmaması məsələsi gündəliyə gətirilsin:
"Ermənistan təxribat edibsə, cavab verməliyik. Xalq olaraq dövlət başçımızla, Silahlı Qüvvələrimizlə bir olmalıyıq".