"Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti.
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Birmənalı olaraq deyə bilərik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək.
İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.
Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərməkdədir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır.
Dövlətimizin başçısı İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən geniş tərkibdə görüşdə çıxış edərək, aparılan danışıqlarda ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb və bu səfərin münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeninə layiq görülməsinin isə xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi kimi diqqət çəkdiyini, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət olduğunu bildirib.
Imzalanan sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında stra-teji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Yəni Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar olmaqla bərabər, həm də müttəfiqlərdir. Şübhəsiz ki, bu, hər iki dövlət üzərinə xüsusi məsuliyyət qoyur. Ümumiyyətlə, Bəyannamə qardaş ölkələr arasında əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək birgə fəaliyyəti üçün ciddi baza rolunu şərtləndirir. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.
Ramilə Seyidova - Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri