İslahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildən başlanan genişmiqyaslı sosial-iqtisadi islahatların yeni mərhələsi respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Struktur-institusional islahatlar isə keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və bundan əsas məqsəd isə Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması olub.
Dövlətimizin başçısı altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də islahatların həm konseptual, həm də struktur xarakteri daşıdığını bildirib: “Kadr islahatları aparılır. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə kadr islahatları aparılmışdır, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq”.
Azərbaycan Prezidenti daha sonra iqtisadi islahatların gerçəkləşdirilməsi hesabına bir sıra mühüm uğurların əldə olunmasını diqqətə çatdırıb. Vurğulayıb ki, təkcə şəffaflıq hesabına 2019-cu ildə büdcəyə proqnozdan 1 milyard manat çox vəsait daxil edilib. 2020-ci ilin iki ayında isə vergi və gömrük orqanları tərəfindən proqnozdan əlavə 252 milyon manat çox vəsait yığılıb. Azərbaycanda aparılan islahatları bir sıra maliyyə qurumları, o cümlədən, Dünya Bankı (DB) daim dəstəkləyir. Məhz elə buna görədir ki, ölkəmiz DB-nin “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkədən biridir. Azərbaycan 28 illik əməkdaşlıq dövründə DB-dən texniki, maddi, ümumiyyətlə, hərtərəfli dəstək alıb. Bu beynəlxalq maliyyə qurumu ilə ölkəmizin uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Dahi şəxsiyyətin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib.
Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilib. Bu maliyyə qurumunun Azərbaycan üçün strateji layihələrə, o cümlədən, “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək ölkəmiz üçün mühüm önəm daşıyıb.
Ölkəmizdə reallaşdırılan islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkəmizdə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək nəticələr verdiyini göstərir.
Son illərdə sənaye zonalarının, aqroparkların yaradılması da yeni iş yerlərinin açılmasına müsbət təsir göstərib. Azərbaycan Prezidentinin tövsiyəsi ilə kənd təsərrüfatı sektoruna kapital qoyuluşu artıb. Bu hesaba indi regionlarda aqroparklar və iri fermer təsərrüfatları yaradılır. 33 rayonda 51 aqropark və iri fermer təsərrüfatının yaradılmasının planlaşdırılması da bunu təsdiqləyir.
Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına əminlik yaradıb.
Sevinc Məmmədova,
Salyan şəhər 3 saylı uşaq bağçasının müdiri