Salyanda bir qrup ziyalı Vətən müharibəsinin qəhrəmanlarına həsr edilən kitab hazırlayaraq nəşr etdirib.
“Qələbə şəhidləri” adlı kitabda respublikanın müxtəlif regionlarından olan 2016-cı il Aprel və 2-ci Qarabağ savaşının qəhrəmanları haqqında ayrı-ayrı söz açılıb. Təqdimatda qeyd olunub ki, otuz ilə yaxındır dünya Qarabağ probleminə kor kimi baxırdı. Lakin bu problem Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və müzəffər Milli Ordumuzun şanlı qələbəsi ilə 44 günlük müharibədə parlaq zəfərlə həll olundu. Kitabın müəllif heyəti sonra ayrı-ayrı şəhid ailələri ilə görüşüb. “Qələbə şəhidləri” kitabını xatirə olaraq şəhid ailələrinə təqdim edən ziyalılar bildirib ki, şanlı Vətən müharibəsində millətimizin qəhrəman övladları öz qanlarından, canlarından keçdilər. Uzun illərdir düşmən əsarətində qalan əzəli topaqlarımızın azad olunmasında hər bir qəhrəmanın rolu danılmazdır. Bu səbəbdən şəhidlərin qısa, ləkin mənalı ömrü həmişə öyrənilməli və gələcək nəsilə örnək kimi göstərilməlidir. Bu gün şəhidlərin ruhu ona görə şaddır ki, məhz onların gərgin səyi nəticəsində ölkəmiz öz qədim yurd yerlərinə qovuşdu. Şəhid ailələri də öz növbəsində diqqət və qayğıya görə müəllif heyətinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, “Qələbə şəhidləri” kitabının birinci hissəsində 200-dən çox şəhidin həyat və döyüş yolu işıqlandırılıb. Nəşrin toplayıb tərtib edəni jurnalist İbrahim Hüseynov, redaktorları Rəhim Hüseynzadə və Leyla Nəsirlidir. Kitabın gələcəkdə 10 cild olması nəzərdə tutulub ki, bu cildlərdə bütün şəhidlərin ömrü, keçdiyi keşməkeşli həyat yolu işıq üzü görəcək.
Səmil Şahlaroğlu


