Ermənistan hakimiyyəti özünütəcrid siyasətindən əl çəkməzsə vəziyyəti daha da çətinləşəcək.
Beynəlxalq güclərin illərdir əllərində alət etməyə çalışdıqları separatçı və işğalçı Ermənistan müharibədən sonra çox çətin bir dilemma qarşısında qalmışdır. Hər zaman özünün məkrli siyasəti ilə manevr etməklə mövcudluğunu qorumağa çalışan Ermənistanın bugünkü durumu fərqlidir. Müharibədəki məğlubiyyət, ordunun darmadağın edilməsi, iqtisadi-siyasi çətinliklər siyasi qruplar arasında gərginliyi artırmışdır. Ermənistandakı siyasi gərginlik fonunda təəccüblü olmayan bir məqam diqqəti daha çox cəlb edir. Müxtəlif düşüncəli siyasi elita nümayəndələrinin hamısının bəyanatlarında separatçılıq, işğalçılıq meyilləri hələ də qalır. Bundan çıxış edərək belə qənaətə gəlmək olur ki, bu cür separatçı dövlətin rəhbərlərinin kimlərdən ibarət olmasından asılı olmayaraq onların təfəkküründə kök atmış xəstə erməni ideyalarının dəyişməsi mümkünsüzdür. Ancaq onlar bir həqiqəti dərk etməlidirlər ki, dəyişən dünyada dəyişməyən heç nə qalmır. Dəyişən dünyada gündən-günə inkişaf edən Azərbaycan dövləti istənilən halda regional sülhün və təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasında maraqlıdır. Postmüharibə dövründə Azərbaycan dövlətinin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunması üçün qonşu dövlətlərin birgə fəaliyyətinin təmin edilməsinə çalışması ölkəmizin mahiyyətini göstərir. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq işlərinə start verilməsi və strateji planların ortaya qoyulması bütünlükdə regionun sosial-iqtisadi inkişafına, kommunikasiya əlaqələrinin açılmasına təkan verəcək addımlardır. Ermənistan bu imkanlardan yararlanmaq üçün özünün separatçı və işğalçı niyyətlərindən əl çəkməli, dövlətlərin suverenliyinə hörmət edərək normal münasibətləri həyata keçirməlidir. Əks təqdirdə onsuz da böhran içində olan Ermənistandakı vəziyyət daha da gərginləşəcək, onların bir dövlət kimi mövcudluğuna ciddi təhlükələr yaranacaqdır. Düşünsək ki, şərqindən Azərbaycanla, cənub - qərbindən Azərbaycanın hərtərəfli müttəfiqi Türkiyə ilə həmsərhəddir, əməkdaşlıq yalnız və yalnız Ermənistanı inkişafa apara bilər. Yaxın gələcəkdə Naxçıvan dəhlizinin açılması ilə bu yeni nəqliyyat damarı Azərbaycana və Türkiyəyə iqtisadi əməkdaşlıq üçün əlavə güc verəcəkdir. Bu, nəqliyyat dəhlizindən Ermənistan da öz payını götürə bilər. İqtisadi və siyasi cəhətdən böhranlı günlərini yaşayan Ermənistana bu gün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmək hava və su kimi lazımdır. Düşünürəm ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən Ermənistanın sabahını parlaq düşünməsi mümkün deyil.
Elnur Abdiyev
Neftçala rayon sakini, ziyalı.
Səmil Şahlaroğlu
KANAL4.AZ