Salyan Peşə Liseyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində voleybol idman növü üzrə birincilik keçirilib
19 sentyabr 2025-ci il tarixində Salyan Peşə Liseyində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan Peşə Liseyinin birgə təşkilatçılığı ilə Peşə Liseyinin tələbələri arasında voleybol idman növü üzrə birincilik keçirilib. Birincilikdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının məsləhətçisi Vüqar Ağayev və Salyan Peşə Liseyinin direktoru Ruslan Fətullayev idmançıları salamlayaraq onlara uğurlar arzu ediblər. Çıxışlarda vurğulanıb ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin sağlam ruhda böyüməsi, vətənpərvərlik dəyərlərinə sadiq yetişməsi üçün idman yarışlarının xüsusi əhəmiyyəti var. Belə turnirlər gənclərin həm fiziki, həm də mənəvi cəhətdən möhkəmlənməsinə, onların dostluq, həmrəylik və komanda ruhunun formalaşmasına xidmət edir.
Daha sonra birinciliyə start verilib və komandalar arasında maraqlı, gərgin mübarizə şəraitində oyunlar keçirilib. Sonda qalib komandalar diplomlarla təltif ediliblər.

