Azərbaycanın qlobal arenadakı rolu və strateji tərəfdaşlıqda yeni əsaslar
2025-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri ölkəmizin xarici siyasətində, həmçinin Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq prosesində mühüm dönüş nöqtəsi kimi tarixə düşdü. Bu səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi üçün yeni perspektivlər açıldı.
Səfərin əsas uğurlarından biri iki ölkənin Prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” oldu. Bu memorandum qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, ticarət və tranzit, süni intellekt və rəqəmsal infrastruktur, həmçinin müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi vacib istiqamətlərdə strateji əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Strateji İşçi Qrupunun yaradılması praktiki əməkdaşlıq üçün institusional çərçivənin formalaşmasına xidmət edəcək, bu da Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da inkişafını təmin edəcək.
Digər bir tarixi addım ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması oldu. Bu qərar Azərbaycan-ABŞ münasibətlərində uzun illər ərzində mövcud olmuş mənfi stereotiplərin aradan qaldırılması, qarşılıqlı etimadın yüksəldilməsi baxımından rəmzi və strateji önəm kəsb edir. 907-ci düzəlişin ləğvi, ölkələrimiz arasındakı əməkdaşlıq üçün yeni imkanlar açaraq, daha geniş siyasi və iqtisadi əməkdaşlıq mühitinin yaranmasına zəmin yaratdı.
Səfər çərçivəsində həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xüsusi diqqət yetirildi. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətlərinin dayandırılması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubu imzalanması bu istiqamətdə əhəmiyyətli addım hesab olunur. 2020-ci ildən bəri Azərbaycan tərəfinin gündəmdə saxladığı bu məsələ, sülh prosesinin qarşısındakı ən ciddi maneələrdən birinin aradan qaldırılmasına xidmət edir.
Səfərin ən əlamətdar hadisələrindən biri isə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli sammiti oldu. Görüş zamanı Azərbaycan və Ermənistan Prezidentləri arasında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməni imzaladı. Bu sənəd Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyini təsdiqləyir və normallaşma prosesində mühüm addım kimi qiymətləndirilir. Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsi zərurəti də vurğulandı, xüsusən Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddialarının aradan qaldırılması şərti önə çəkildi.
Birgə Bəyannamədə həmçinin, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılması məsələsi xüsusi yer aldı. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması zəruriliyi və Ermənistan ərazisində bu məqsədlə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit edildi. Bu layihə, ölkələr arasında əlaqələri genişləndirəcək, ticarət və tranzit imkanlarını artıracaq, regional inteqrasiyaya töhfə verəcək.
Səfər zamanı həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Bu sənəd enerji sektorunda, xüsusən qeyri-ənənəvi və ənənəvi neft və qaz ehtiyatlarının birgə işlənilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur və iki şirkət arasında mövcud əlaqələri daha da möhkəmləndirəcək.
Beləliklə, Prezident İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixlərində ABŞ-a rəsmi səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni bir dövrün başlanğıcını qoydu, strateji tərəfdaşlığı möhkəmləndirdi və Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təminatı üçün mühüm zəmin yaratdı. Bu səfər həmçinin, regionda sülh və əməkdaşlıq prosesinin irəliləməsinə, kommunikasiyaların açılmasına və iqtisadi potensialın reallaşdırılmasına töhfə verdi, Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırdı.
İnqilab Abdullayev,
Salyan rayon Sarvan kənd Folklor evinin müdiri, YAP fəalı