Tarixi Zəfərin ardınca: bu, dünyada cinayət yolunu seçənlərə bir mesajdır - RƏY
Azərbaycan 44 günlük Vətən Müharibəsində rəşadətli ordusunun qələbəsi ilə öz gücünü bütün dünyada sübut etdi. 30 ilə yaxın bir müddətdə işğalda olan Azərbaycan torpaqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi sahiblərinə qayıtdı. Vaxtilə azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslər də bu gün ədalət qarşısında cavab verməkdədir. Beləliklə, ədalət bərpa olunur.
İşğal dövründə ərazilərin ermənilər tərəfindən minalanması həm orada həyata keçirilən bərpa və yenidənqurma işlərini, həm də əhalinin qayıdışını müəyyən qədər ləngidir. Amma buna baxmayaraq, iğaldan azad olunuş Azərbaycan torpaqlarına keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz şəkildə qayıdışı həyata keçirilir. “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində Azərbaycan vətəndaşlarının öz dədə-baba torpaqlarına geri qayıtması təmin olunur, onların həyat və şəraitinin, sosial rifahının yaxşılaşdırılnması istiqamətində ciddi addımlar atılır.
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı İqtisadiyyat.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladıb.
O vurğulayıb ki, bu Zəfərin ardınca ölkəmiz üçün yeni bir mərhələ, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlanıb: “Bu möhtəşəm və strateji proses, birbaşa Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və güclü liderliyi nəticəsində əldə olundu. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı insanların doğma torpaqlarına qayıdışı ilə bərabər həm də, milli ruhun, tarixi ədalətin bərpasını simvolizə edir. Bu gün dövlət başçısının bilavasitə nəzarəti ilə azad olunmuş ərazilərdə sürətli quruculuq və bərpa işləri aparılır. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, bu ərazilərdə həyat tam bərpa olunacaq, insanlar ən yüksək şəraitdə yaşayacaqlar və Qarabağ yenidən çiçəklənən bir diyara çevriləcəkdir”.
G.Ağamalı söyləyib ki, hazırda işğaldan azad olunmuş rayonlarda genişmiqyaslı infrastruktur layihələrinin icrası, magistral yollarln, dəmir yollarının, hava limanlarının, məktəb və xəstəxanaların, eləcə də fərdi yaşayış evlərinin, binaların tikintisi böyük sürətlə gerçəkləşdirilir:
“Bütün bunlar dövlətin gücünü, Prezidentin qətiyyətini və vətəndaşlara olan yüksək qayğısını əks etdirir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə reallaşdırılan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası müasir texnologiyalara əsaslanan yeni həyat tərzinin bölgəyə gətirilməsinə yönəlib. Bu layihələr vasitəsilə Azərbaycan həm öz vətəndaşlarının həyat keyfiyyətini artırır, həm də regionda nümunəvi bir inkişaf modelini nümayiş etdirir. Böyük Qayıdış prosesi həmçinin ölkənin sosial-iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Cənab Prezidentin rəhbərliyi ilə bu ərazilər gələcək nəsillər üçün daha güclü, daha müasir və daha firavan bir Qarabağ üçün bərpa olunur. Böyük Qayıdış prosesi Cənab Prezident İlham Əliyevin və xalqımızın dövlətçilik, vətənpərvərlik və gələcəyə olan inamının canlı nümunəsidir”.