Bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi qələbənin başlanğıcı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin 4 günlük Aprel Zəfəri oldu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu döyüşməyi və düşməni məhv edib torpaqlarını azad etməyi bacarır.
Dörd günlük Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatdı. Lələtəpəyə sancılan üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır. Qələbəyə tam əmin olan xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdi.
Eyni zamanda Qarabağ cəbhəsindən uzaqda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri mərdliklə döyüşdü və düşmənə layiqli cavab verdi: “2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Çünki Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna ağır zərbələr vurdu. Qüdrətli Azərbaycan Ordusunun əks-hücumu nəticəsində "qüdrətli", "yenilməz" Ermənistan ordusu haqqında uydurulmuş miflər tamamilə alt-üst edildi”.
2020-ci il 27-i sentyabrından etibarən 44 gün ərazindəki qısa dövrdə həm döyüş meydanında, arxa cəbhədə, diplomatiya müstəvisində, informasiya məkanında Azərbaycanı qələbəyə aparan bir tarix yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz Lələtəpədən başladığı tarixi missiyasını Şuşanın fəthi və üçrəngli bayrağımızın bütün azad edilmiş torpaqlarımızda dalğalandırması ilə başa çatdırdı.
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir. Məhz erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Ali Baş Komandanın dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək. 30 illik erməni işğalı bitdi, ona görə də xalqımızın bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir. Bu inkişaf bölgədə və qlobal müstəvidə sülh və əməkdaşlığa başlıca töhfədir.
Namiq Cəfərov
Göygöl RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri