Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.Xalqlarımız arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələrin xüsusi yer tutduğunu vurğulayaraq demişdir: Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Xalqlarımızı əsrlərlə davam edən əməkdaşlıq, qarşılıqlı əlaqələr, iqtisadi-siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir-birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirmiş və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu il isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.Dünyanın bir çox ölkəsində olduğu kimi, Heydər Əliyevin adı, fəaliyyəti, ölməz ideyaları Qazax xalqı üçün də əzizdir və başda dövlət rəhbərləri olmaqla qardaş ölkənin vətəndaşları bu müdrik, uzaqgörən siyasətçini, dahi şəxsiyyəti daim böyük məhəbbət və ehtiramla yad edirlər. Ulu Öndərimiz Heydər Əliyevin yubiley ili - "Heydər Əliyev İli" ərəfəsində Astanada Heydər Əliyevin adına küçənin açılışı və açılışda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı qürurverici hadisə oldu və hər iki dövlətin sarsılmaz dostluğunun, qardaşlığının ifadəsidir.İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini