AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb. AŞPA-nın qış sessiyasının bugünkü iclasında isə sözügedən təkliflər əsasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərar qəbul edilib. Səsvermədən öncə çıxış edən Ukrayna və Türkiyə nümayəndələri Assambleya üzvlərini doğru qərar qəbul edərək təşəbbüsü dəstəkləməməyə çağırıb. Sessiyada, həmçinin, vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmir. Qeyd edək ki, AŞPA Azərbaycana qarşı 4 əsas iddia irəli sürür. Bu iddiaların əsassızlığı faktlarla sübut etmək isə o qədər çətin deyil. Arqumentlərdən biri Qarabağın erməni əsilli sakinlərinin bölgədən zorakılıqla köçürülməsi ilə bağlıdır. Əvvəla, AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə edir. İkincisi, erməni əhalinin əksəriyyətinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu tərk etməsində rəsmi Bakının hər hansı təzyiqi, zorakılıq göstərməsi iddiaları heç bir sağlam məntiqə sıxmır. Həmin köç prosesi bütün dünyanın gözü qarşısında, KİV nümayəndələrinin maneəsiz işıqlandırması şəraitində baş tutdu. Rəsmi Bakının erməni sakinlərlə eleqant davranışını göstərən, onları zəruri qida və digər vasitələrlə təmin etdiyinə dair yüzlərlə foto və video fakt mövcuddur.
Ötən il oktyabr ayının əvvəlində Qarabağa səfər etmiş BMT missiyası yaydığı bəyanatında da bildirmişdi ki, Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar zamanı Xankəndidə və digər yerlərdə mülki infrastruktura, məktəblərə, xəstəxanalara heç bir ziyan dəyməyib. Bəyanatda vurğulanırdı ki, yer əhali ilə (Qarabağda qalan erməni əsilli şəxslər) söhbətlərdə onlardan hər hansı şikayət daxil olmayıb.
Bununla yanaşı, antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir zərərin dəymədiyini Ermənistan Baş naziri Nikol Paşinyan belə təsdiqləmişdi. AŞPA-dakı deputatların diqqətinə onu da çatdırmaq yerinə düşər ki, Azərbaycan hakimiyyəti antiterror tədbirlərindən öncə də, sonra da bölgənin erməni sakinlərinin reinteqrasiyası üçün aydın və konkret plan irəli sürüb. Bunun üçün, sadəcə, erməni sakinlərindən Azərbaycan vətəndaşlığını qəbul etmək tələb olunurdu. Rəsmi Bakı Qarabağın erməni sakinlərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcəyini dəfələrlə açıqlamışdı.
Amma 30 il qondarma rejimin və rəsmi İrəvanın təbliğat maşının təsiri altında olan, “beyin yuyulması”na məruz qalan erməni sakinlər könüllü sürətdə ərazini tərk etdi. Bununla belə, rəsmi Bakı daha bir jest edərək Ermənistan və digər ölkələrə köç edən ermənilərin Qarabağa qayıtmaq hüququnun qaldığını, onların mülkiyyət hüququnun qorunduğunu açıqladı.
AŞPA-nın növbəti arqumenti Azərbaycanın nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. Bu arqumentin də “dişsiz” olduğunu isbat etmək çətin deyil.
Aydındır ki, beynəlxalq təşkilata üzv olan ölkə üzərinə bır sıra öhdəliklər götürür, amma bu proses bütün ikitərəfli münasibətlərdə olduğu kimi, qarşılıqlı xarakter daşımalıdır. Avropa Şurası Parlament Assambleyası isə Azərbaycanla bağlı, ölkəyə səfərlər zamanı yalnız öz maraqlarına uyğun, məhdud gündəliyi müzakirə edib.
Qəribə vəziyyət yaranır: 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, burdakı real vəziyyəti müşahidə etməyə nümayəndə göndərmək üçün Ermənistana təzyiq göstərməyən AŞPA işğal faktını öz gücü hesabına aradan qaldıran, öz torpaqlarını təmizləyib, ərazi bütövlüyünü bərpa edən Azərbaycana təzyiq edir. AŞPA bununla ortaya klassik ikili standartlar yanaşması qoyur. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərini işğal etməsi faktına qarşı yalnız hüquqi çəkisi, heç bir praktiki təsir gücü olmayan azsaylı bəyanatlar verib. AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr versə də, icrası üçün heç bir addım atmayıb. Həmin qətnamələri icra etməyən Ermənistana heç bir sanksiyanı və hətta nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması məsələsini də müzakirə etməyib.
Namiq Cəfərov
Göygöl RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri