Polis ictimai asayişin keşiyində...
Şanlı tarixə malik olan Azərbaycan polisi ictimai asayişin keşiyində sayıq durmaq kimi müqəddəs borcunu ləyaqətlə yerinə yetirir, dövlət müstəqilliyimizin möhkəmlənməsinə sədaqətlə xidmət edir. Polis narahat ömür yaşayır. Bu ömür yolu mübarizələrdən, Qarabağın döyüş səngərlərindən keçib. İndi nəsil dəyişikliyi baş versə də, veteran polislərin şərəfli müabrizə yolu gənclərə əsl örnəkdir. Son illərdə şəhər – rayon polis şöbələrinin fəaliyyətində baş verən müsbət dəyişiklikləri görməmək mümkün deyil. Təbii ki, bu da Nazirliyin və şəxsən cənab Nazir, general – polkovnik Vilayət Eyvazovun düzgün kadr seçimindən irəli gəlir.
Bir yazıçı – publisist kimi müşahidələrimə əsasən deyə bilərəm ki, yaşadığım Lənkəranda polis polkovniki, Şəhər – Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov başda olmaqla polis şöbəsi də öz fəaliyyətini məhz möhtərəm Prezidentin və Daxili İşlər Nazirliyinin tövsiyyə və tapşırıqları əsasında qurur. Bu da nəticə etibarilə son vaxtlarda ərazidə cinayətlərin sayının azalmasına səbəb olub. Təbii ki, polis rəisi Azər Cahangirovun özünəməxsus iş üslubu var. Öncə qeyd edək ki, rəisin otağının qapıları bütün vətəndaşların üzünə açıqdır. Yerlərdə baş verəcək qanun pozuntularının qarşısı qabaqcadan alınır. İctimai asayişi pozmağa cəhd edənlər vətəndaşların siqnalları və polis işçilərinin sayıqlığı ilə zərərsizləşdirilir. Eyni zamanda ayrı – ayrı müəssisələrdə, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə hüquqi biliklər təbliğ olunur və gənclərin hüquqi maariflənməsinə xüsusi önəm verilir.
Lənkəran Yol Polisi əməkdaşlarının da fəallığı nəzərəçarpacaq dərəcədə diqqət çəkir. Mirxəyal Hüseynov Lənkəran Yol Polis Bölməsinin rəisi təyin olunandan sonra bir çox neqativ hallar aradan qaldırılıb. Belə ki, sürücülərə yüklənən lüzumsuz cərimələrə, haqsız böhtanlara artıq yer qalmayıb. Yol polisinin əməkdaşları isə qışın sazağında, qızmar yayın istisində gecə - gündüz yollardadır. Hazırda uşaqların ümumtəhsil məktəblərinə getməsilə əlaqədar yollarda sıxlıq yaranıb. Onların təhlükəsizliyinin qorunması yol polisi əməkdaşlarının diqqət mərkəzindədir. Lənkəran Şəhər 4 nömrəli məktəb – liseyi gəliş – gedişin daha çox olduğu şəhərin mərkəzində, yolun kənarında yerləşir. Məktəblilərin təhlükəsizliyinin qorunmasında, yol hərəkəti qaydalarının tənzimlənməsində polis baş serjantı Vüsal Şükürzadənin, serjant Sadiq İbadovun və başqalarının əməyi daha çoxdur.
Təbii ki, yol hərəkət qaydalarının pozulması halları cəzasız qalmayır. Elə buna görədir ki, son vaxtlarda sərxoş halda avtomaşını idarə edənlərə, sükan arxasında özünü çox sərbəst aparan “gülbalalar”a, sürət həddini aşanlara, ötmə əməliyyatında nöqsanlara yol verənlərə, yol – qəza hadisələrinə hələ ki, rast gəlmirik. Həmçinin əvvəlkindən fərqli olaraq yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sakinlərin rahatlığına səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsinin Polis Yol – Patrul Xidməti Alayının 11 saylı tağımının fəaliyyəti haqqında danışmamaq, xoş sözlər söyləməmək mümkün deyil. Məlum olduğu kimi Bakı – Astara magistral yolu həmişə öz sıxlığı ilə fərqlənir. Bu yoldan xarici ölkələrdən gələn rəsmi şəxslər, yüksək vəzifəli dövlət nümayəndələri, qonaqlar keçir. Eyni zamanda sərnişin daşıyan avtobuslar, fərdi sürücülər bu yoldan istifadə edirlər. Göründüyü kimi yol hərəkəti qaydalarına riayyət etmək, hərəkətin təhlükəsizliyini təmin etmək xüsusi diqqət və nəzarət tələb edir. Sevindiricidir ki, Yol Patrul Xidməti Alayının 11 saylı tağım komandiri, polis mayoru Qurban Gülməmmədovun rəhbərlik etdiyi yol polisi əməkdaşları bu məsuliyyətli və şərəfli vəzifənin öhtəsindən layiqincə gəlirlər. Tağım komandiri gecə – gündüz yola nəzarət edən, bütün çətinliklərə sinə gərən, əhalinin rahatlığını təmin edən sağlam, şəffaf bir kollektiv formalaşdırıb. Kollektivin hər bir üzvü üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, məsulliyətini dərk edir və magistral yolda qanun pozuntularının, qəza hadisələrinin qarşısını qabaqcadan alır. Eyni zamanda hər bir əməkdaş sürücülərə qayğı ilə yanaşır və onlara qarşı həssaslıq, diqqət göstərməklə, polisin şərəf və ləyaqətini daim uca tutur. Təbii ki, bu da tağım komandiri Qurban Gülməmmədov başda olmaqla kollektivə qarşı hər bir sürücünün inam və etibarını artırır.
Kollektivdə öz işinin öhdəsindən layiqincə gələn, tağımın şərəf və ləyaqətini uca tutan əməkdaşlar çoxdur. Belələrinə Rövşən İsmayılovu, Nail Şərifovu, Elçin Tağıyevi, Samir Süleymanovu, Vüqar Mirzəzadəni, Rəsul Verdiyevi və başqalarını göstərmək olar.
Məlum olduğu kimi qarşıdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi gəlir. Respublika Daxili İşlər Nazirliyinin məqsədyönlü fəaliyyəti, müstəqil dövlətçiliyimizə həddsiz sədaqəti Ulu Öndərin əziz xatirəsinə ən böyük hörmət və məhəbbətin canlı təcəssümüdür.
Sonda doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi naminə çətin və şərəfli fəaliyyətində polis işçilərinə böyük uğurlar arzulamaqla publisistik qeydlərimi bitirirəm.
Bəxtiyar Hüseynov,
Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
