44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi
Ötən gün 2020-ci il 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən Qarabağ savaşının ikinci il dönümü tamam oldu. XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən özbaşınalıqdan istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş və bu hərbi təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycan xalqına qarşı Xocali, Ağdaban kimi tarixdə misli görülməmiş qətliyamlar törədən Ermənistan tərəfi əlbəttə bilməli idi ki, əvvəl axır bu faciələrin qısası alınacaq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə çiçəklənən Azərbaycan, Ulu öndərin davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyətindən sonra istər iqtisadi -siyasi, istərsədə hərbi baxımdan olduqca irəliləyiş əldə etdi. 2016-cı ildə baş vermiş və olduqca strateji əhəmiyyəti olan Lələ təpənin azad edilməsi ilə nəticələnən Aprel döyüşləri isə əslində İkinici Qarabağ müharibəsinin və Azərbaycan ordusunun qələbəsinə bir işarə idi. 2020-ci ilin yayında baş vermiş Tovuz döyüşlərində general Polad Həşimovun şəhidliyi isə səbrin sonu idi. 27 Sentyabr tarixindən başlayaraq bir addım bele geri cekilmədən Müzəffər ordumuz çox qısa bir müddətdə sadəcə 44 gün içində 30 il düşmən tapdağında olan torpaqlarını azad etdi. Butun xalq birlik olub dəmir yumruq kimi birləşdi. Ordumuz ön cəbhədə, xalqımız arxa cəbhədə Ali baş komandan İlham Əliyevə inanaraq bu qələbəyə imza atdıq. İkinci Qarabağ müharibəsində böyük Qələbənin qazanılmasında dövlətimizin baş¬çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Ali Baş komandanımız İlham Əliyevin yenilməz iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun cəsarəti, mərd kimi döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbə hər zaman xalqımız tərəfindən yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Müzəffər Ordumuzun bu şanlı qələbəsinin əhəmiyyəti heç bir şeylə müqayisə edilə bilməz. Daşli -qayalı dağları əli yalın qalxaraq Şuşanın düşməndən təmizlənməsi olduqca tez bir zamanda Laçının, Kəlbəcərin, Ağdamın və işğalda qalan digər ərazilərimizin azad edilməsini də tezləşdirdi.
Qələbəni əldə saxlamaq və onu əbədi etmək həm də gənc nəslin üzərinə düşən milli-tarixi vəzifədir. Ona görə də əgər əbədiyyətə qədər qalib xalq kimi yaşamaq istəyiriksə, bu gün birlik və bərabərlik, mübarizlik və əzm, həmrəylik və millət olaraq tək vücud olmamız üçün and içməliyik! Hər birimiz bunu dərindən anlamalı və öz fəaliyyətimizi bu amallar üzərində qurmalıyıq.
Yaşasın qalib Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin.
Qarabağ Azərbaycandır!
Emin Məlikov,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin
Salyan rayonu üzrə Təhsil sektorunun metodisti, YAP fəalı