Aygül Bağırova :Bu gün, 27 sentyabr qızılı, bərəkətli adlandırılan payız, sonbaharın sonuncu günü
ŞAHİDLƏR və ŞƏHİDLƏR...
Bu gün, 27 sentyabr qızılı, bərəkətli adlandırılan payız, sonbaharın sonuncu günü…
Heç bilmədik 2020-ci ilin payızı-payızımız necə gəlib keçdi…
Çünki nələr yaşanmadı, nələr bu payızda…
Hansı fırtınalar qopmadı ki, bu payızda?!
Sentyabr ayların ən gözəli, ən sancılısı, ən kədərlisi və ən məğrurudur…
Bu sonbahar başqa bir SONBAHAR idi!
27 sentyabr 2020-ci il…
Tarixi İkinci Vətən Müharibəsinin başlandığı gün…
“Dəmir Yumruq” adı altında başlayan İkinci Qarabağ Savaşı, Ali Baş Komandanın Azərbaycan xalqına 27 sentyabr tarixli Tarixi müraciəti…
Lal, kar, kor…dünyanın gözlərinin yenidən Azərbaycana zilləndiyi günlər…
Kənd, qəsəbə, yüksəklik, rayon və şəhərlərimizin (rayon mərkəzlərimizin) bir-birinin ardınca alındığı, işğaldan azad edildiyi gözəl, möhtəşəm, Dastan yazılan günlər…
Bu payız, bu SONBAHAR gerçəkdən başqa-Tarixi bir payız, sonbahar oldu…
Qarabağın azadlığının başladığı tarix də ,buludların torpağa düşən sevinc və kədər qarışıq göz yaşları da, Vətən üçün canını qurban verən oğullarımızın ayrılığının hüznü də sentyabrdan başlayır.Qürurlanmağa və kədərlənməyə aid hər şey var bu ayda. Vətənin səmasında azadlıq göyərçininə dönüb qanad çalaraq yüksəklərə ucalan şəhidlərimizin çin olan arzuları da , yarımçıq qalan xəyalları da sentyabrdadır .Şəhidlik məqamına ucalan oğullarımızın ardından yarpağını tökmüş ağac kimi solğun görünən anaların, ataların, bacıların ,övladların kədəri də , biliyin və gücün qələbəsinə gedən yolun ilk həmləsi də ondadır. Azadlığımızın , birlik və bərabərliyimizin , qürurumuzun simvoluna çevrilən şəhidlərimizin anım günü də bu aydadır. Cəbhədə şəhidlərin nur üzünü öpən küləyin o xoş,o ilıq titrəyişi də ondadır. Durğunlaşmağa,səssizləşməyə, qürurlanmağa aid hər şeyin başlanğıcıdır sentyabr...
Vətən sevgisi qolumuza qüvvət , birliyimiz isə bu çətin yolumuza günəş oldu. 27 sentyabrda cəbhədə toplar guruldayır ,silahlar susmurdu. Odlar yurdunun aslanları səhərin sübh çağında vətənin müdafiəsinə qalxaraq tariximizə yeni bir tarix yazmağa başlamışdılar.
27 sentyabrda onlar sabahlarını payızın parlaq və təmiz havası yerinə tüstü və top atəşləri ilə açdılarsa, bu da bizə görədir, bizim uğrumuzdadır. Bizim arzumuz, bizim həsrətimiz onları bu yolda qürurla addımlamağa sövq etdi. Buna görə də, onların çəkdikləri əziyyətin qarşılığını ödəmək bizim vətən qarşısındakı borcumuzdur.
Hamımız torpaqdan gəlirik, torpağa da qayıdacağıq. Onlar isə bir başqa qayıtdılar. Onların qayıdışı başqalarının gəlməsi üçün idi. Bir ölüm min dirimə səbəb oldu. Biz tək onları torpaq altında qoymadıq. Hər şəhid tabutunu dəfn edəndə 30 illik həsrətimizdən bir parçanı da torpağa verdik. Hər şəhid bir parça həsrət apardı cənnətinə. Hər qovuşma bir ayrılığa səbəb olur.
Şəhid kəlməsi haqda düşündükcə, şəhidləri andıqca neçə-neçə cavabı özündə olan sual, müəmma kimi görünən, ancaq əslində, mahiyyəti aydın gerçəklər çıxır qarşıya. Atasız bir uşaq, həyatına həyat yoldaşı olmadan davam etməli bir qadın, canının parasını, ömrünü verdiyi oğlunu qara torpaq aparan ana-ata necə dözdü o həsrətə? Qara torpağın bizə yazığı gəldimi? Onun vicdanı varmı? Ya mələklər cənnətin qapılarını üzümüzə açacaqlar? Biz itirilən oğullarımızı harda axtarıb tapacağıq? Hansı yer bizə bir ümid verəcək? "Şəhidlik ən uca zirvədir" deyirlər, onları zirvələrdəmi axtaraq? Bazardüzü, ya Kəpəz, Qoşqar, yoxsa Babadağ onları gizlədir bizdən? Niyə bizi bu qədər sınağa çəkir təbiət?
"Ölümlü dünyadır" deyirlər, axı ölüm onlardan çox uzaq idi. Məktəbi yeni bitirən gəncin yanında ölümün nə işi? Ölüm universitet otaqlarına girə bilərmi? Yox? Bəs onda niyə hər fakültədə bir bayraq, bir dəstə çiçək, bir gənc şəkli var? Kimdir bu nurüzlü cavanlar? Gecələr ay işığı boş koridorlarda dolaşanda onlar niyə tək-tənha olurlar?
Körpəsini beşiyə qoyan atanın əlləri bumbuz olarmı heç? O əllər övladını hər zaman isitməli deyildimi? Körpə üşüyər, ona soyuq əllə toxunmaq olmaz axı... Ataların əlləri hər zaman isti olmalıdır. Torpaq atılmamalıdır onların üstünə. Körpəyə torpaqlı əllərlə də toxunmaq olmaz. Yumulu gözləri ilə ona baxa bilməzlər. Bəs onlar niyə gözlərini açmırlar? Körpəni sinəsində oynadacaq, yəqin. Yoxsa niyə belə uzansın ki? Ona da soyuq olacaq, körpəyə də... Bu atalar niyə belədir axı? Bu atalar... bu atalar niyə yoxdurlar? Körpələr ağır çantalarla məktəbə gedirlər. Kömək edən yoxdur, atalar yoxdur. Körpələr ali məktəbə yollanır. Yol öyrədən yoxdur, atalar yoxdur. Körpələr işə gedir. "Ehtiyatlı get", - deyən yoxdur, atalar yoxdur. Körpələr ata-ana olur. Həyəcanına şərik olan yoxdur, atalar yoxdur. Körpələr qocaldılar, körpələr torpağa qayıtdılar. Ata sığalından məhrum körpələr sığallarına qovuşmağa getdilər...
Deməli, Şəhid olmaq abi-həyat içməkdir...
Şəhid olmaq zamandan asılı olmayaraq var olmaqdır, varlığını əbədiləşdirməkdir. Özünün olanı başqasına qurban verməkdir...
Şəhid olmaq qəhrəman olmaqdır. Şəhid olmaq bir yıxılanda min də qalxmaqdır. Batan Günəşi geri qaytarmaqdır...
Şəhid olmaq heç qocalmamaq, hər zaman çiçək qoxmaqdır...
Şəhid olmaq saçları ağarmış ana, beli bükülmüş ata deməkdir...
Şəhid olmaq görüntülərinə dəfələrlə baxılmaqdır. Hər baxışı əzbərlənmək, şəkillərinə hər baxanda fərqli bir nöqtə axtarılmaqdır...
Şəhid olmaq heç vaxt istifadə olunmayacaq bayraqlı bir yataq, şkafın küncündə duran parlaq çəkmə, asılqandakı mundirdir...
Şəhid olmaq ziyarətgaha çevrilən otaq deməkdir. Haqqında danışılandan doymamaqdır, danışıldıqca göz yaşı tökməkdir... Şəhid olmaq yox olmaq, bir o qədər də var olmaqdır...
Şəhid olmaq səadətdir. Hamının çata bilməyəcəyi bir yerə çatmaqdır. Yerindən tərpənmədən hər yerə getmək, zirvədən dünyanı seyr etməkdir...
Çünki şəhidlik ən uca zirvədir...
Haqqını halal et, Şəhidim. Sənin qan olub qarışdığın torpağın üzərində gəzdiyim üçün! Sənin buxar olub sovrulduğun havanı, sənin nəfəsini ciyərlərimə nəfəs deyib çəkdiyim üçün! Öz qanını, canını Qarabağ edib bizə qaytardığın üçün...
Sizin xidmətinizi, dəyərinizi və müqəddəsliyinizi unutmamışıq, unutmuruq və unutmayacağıq!
Mən Şəhidəm!
Çünki, mənim damarımda vətən axır qan yerinə!
Qeyrətimdə, namusumda, bədənimdə can yerinə!
Son nəfəsi vətənimçün vermişəm qurban yerinə!
Siz yaşadın bu vətəni!
Mən şəhidəm,
Vətənimin torpağında, ağacında, suyundayam,
Yüz illərdir azadlığın yazılmayan sayındayam,
Artıq varam, ruhum azad! Bu vətənin hayındayam,
Siz yaşadın bu vətəni!
Mən Şəhidəm!
Məhəbbətim, sədaqətim vətənimçün müqəddəsdir!
Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir.
Vətən gülü yüz illərdir qan ağladı, daha bəsdir,
Siz yaşadın bu vətəni!
Mən şəhidəm!..
Mən cənnəti vətənimin azadlığında istərəm!
Bayrağı yüksələn yeri uçub səmada göstərəm.
Vətən üçün gərək isə ruhum ilə səfərbərəm,
Siz yaşadın bu vətəni!
Bir daha olmasın, bir daha təkrarlanmasın…
Allah cəmi Şəhidlərimizə rəhmət etsin, Rəbbim onların gözü yaşlı ailələrinə səbr, Yaralılarımızın, Qazilərimizin isə tezliklə şəfasını versin!
Aygül Bağırova