Salyan rayon Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyi yeni layihəyə başlayıb.
Salyan rayon Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyi yeni layihəyə başlayıb. “Sənətinlə tanın” adlı layihənin ilk təqdimatı Çuxanlı Folklor Klubunda baş tutub. Layihə çərçivəsində fiziki imkanları məhdud olan uşaqların və gənclərin əl işlərindən ibarət sərgi açılıb. Satış-sərgidə dekorativ-tətbiqi sənət nümunələrindən xalçaçılıq, qobelen, toxuma, bədii tikmə, ornamental toxuculuq işləri yer alıb. Tədbirdə həmçinin yeniyetmə və gənc rəssamların əl işləri, müxtəlif maraqlı suvenirlər də sərgilənib. Layihənin açılış mərasimində Milli Məclisin deputatı Jalə Əhmədova, Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, “Murad” Əlillər İctimai Birliyinin təsisçisi Rəsmiyyə Səmədova, Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən bədii rəhbər Kürçaylı Məmmədov və başqaları çıxış edərək bu cür tədbirlərin yerlərdə keçirilməsinin böyük önəm daşıdığını vurğulayıblar. Qeyd olunub ki, sərgilənən hər bir iş bu uşaqların daxili dünyasının zənginliyini, onların istedad və qabiliyyətlərini əks etdirir. Böyük maraqla qarşılanan sərgini gün ərzində şəhid ailələri, hərbiçilər, mədəniyyət nümayəndələri, şəhər sakinləri və qonaqlar ziyarət edib. Satış-sərginin təşkil edilməsində əsas məqsəd əlil uşaqların cəmiyyətə inteqrasiya etməsinə kömək göstərmək, bugünkü mədəniyyəti onlara yaxından tanıtmaq, eləcə də onların əl işlərinin satışına dəstək olmaqdır. Qeyd edək ki, “Sənətinlə tanın” adlı layihə Salyan rayon Mədəniyyət Mərkəzinin bütün filiallarında davam etdiriləcək.
Kanal4.az


