Aygül Bağırova :Qələm və təqvim Biri yazmaq üçündür, biri isə xatırlamaq
Qələm və təqvim Biri yazmaq üçündür, biri isə xatırlamaq. Qələmi götürürüb, təqvimdəki o özəl günü dairəyə alırıq. Düzü, nə günün özəli olur, nə də ayın. O günü, o ayı bizə özəl edən, elə “Özəllərimizdir”. Öz əllərimiz, öz ruhumuz, öz ürəyimiz. Qısacası özümüz.
Bugün ad günüm münasibətilə saysız təbriklər almışam. Təbii ki, xalqımızın dəyərli nümayəndələrinin şəxsimə ünvanladıqları xoş sözlər məni hədsiz dərəcədə ruhlandırdı. Hamınıza sonsuz təşəkkür edirəm, dəyərli dostlar. Yaradıcılığıma və şəxsiyyətimə yüksək qiymət verən xalqım bu gün də mənə görə sevinirsə, deməli, həyatı boşuna yaşamamışıq. Bu gözəl münasibət məni həqiqətən çox fərəhləndirirdi.Hətta, təkcə real dostlarım deyil, Feysbuk üzərindən tanıdığım virtual dostlar da təbrik etdi.Bəli, “Feysbuk dostlarımız”. Biz onlarla demək olarki bərabər həyatımızın hər anına, hadisələrə baxış bucağına, bəzən də yeyib-içdiklərimizə belə şahid oluruq.
Hər yeni yaş insan üçün zənginlikdir. Mən hər günümə, hər anıma sevinirəm. Allahın bəxş etdiyi ömrü Rəbbimə minnətdarlıqla yaşayıram. Düzdür, yaş artdıqca ömrün getdiyini də anlayırsan. Bu, öz yerində. Eləcə də zaman keçdikcə nələrisə, kimlərisə itirirsən. Bu da həyatın qanunudur.İllər ötdükcə insan hər bir şeyə daha diqqətlə yanaşmağa çalışır. Ümumiyyətlə mənim heç zaman yaş krizim olmayıb. Yəqin ki, bundan sonra da belə olacam. ”Yaşımın üstünə yaş gəldi, bu ad günüm də belə getdi” -, deyə heç vaxt düşünməmişəm, düşünmərəm də.Zaman keçdikdə insanın fikirləri dəyişir. Yaş artımını müdriklik sayıram. İnsan yaşa dolduqca müdrikləşir. Məsələn, mən 10 il bundan qabaq həyata başqa prizmadan baxırdım, ancaq yaş ötdükcə hər şeyi daha dərindən kəşf etdim.Məhz bu hiss də məni xoşbəxt edir. Məncə, hər kəsdə belədir.İnsan yaşa dolduqca həyata baxışı da dəyişir. Hər yeni ildən bir şey öyrənir və hər zaman yeni arzuların həyəcanı ilə yaşayırsan.Bu, möhtəşəm hissdir. Həyatı sevə-sevə, dolğun yaşamaq lazımdır ki, nə isə öyrənib ona qata biləsən.Hər il ad günümdə dönüb uşaq oluram, nə yaşım düşür yadıma, nə də yaşadıqlarım. Elə bilirəm həyatım qabaqdadı hələ…
Amma hər halda geridə qoyduğumuz acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir.Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək.
Hər yeni yaşımda da nə isə plan qurur, proqram tərtib edirəm. Düşündüyün fikirlər plan üzrə getməlidir deyə bir qanun yoxdur. Amma bütün hallarda buna cəhd etmək lazımdır. Allahıma şükür edə-edə bu yaşıma gəlmişəm. Tanrının bizi qoruduğunu daima hiss etmişəm.
Mən özümü xoşbəxt sayıram. Birincisi, gözəl ailədə dünyaya gəlmişəm. Ətrafımda gözəl insanlar, bacı-qardaşlarım, valideynlərim,iki gül balam var.
Allahın mənə yaradıcı ruh bəxş etməsi də başqa bir xoşbəxtlikdir. İstedad hər kəsə verilmir, yalnız Allah tərəfindən seçilmiş insanlara verilir. Bu, möhtəşəm hissdir. Bunları sərgiləmək üçün isə bacarıq, peşəkarlıq, bilik, dərin təcrübə lazımdır ki, əslində, bu da vergidir.İnsan üçün nə qədər yaşamaq yox, ona verilən ömrü mənalı yaşamaq, özündən sonra bir iz qoymaq maraqlıdır.
Bax beləcə 36 yaşıda şiriniylə-acısıyla uğurladıq.Xoş gəldin yeni ömür səhifəm…
Ümumən hər ildən mən nə isə böyük mənəvi xəzinə qazanır, daha çox sevildiyimi anlayıram
və mən çox şanslıyam ki, sizin kimi dostlarım var.
Dərin sevgi və sayğı ilə Aygül Bağırova