Şirvanda Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu
Şəhid Nicat Hüseynovun doğum günü ilə əlaqədar keçirilən tədbirdə Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru iştirak etdi.Şəhidin ailəsinə rəssam Ərkinaz Salmanzədənin çəkdiyi şəhidin rəsmi təqdim olundu.
Qeyd edək ki,Şəhid Nicat Hüseynov 1997-ci ilin iyun ayının 4-də Şirvan şəhərində anadan olub. 2003-cü ildə Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2014-cü ildə Bəhruz Aslanov adına tam orta məktəbin 11-ci sinfini bitirib. 2015-ci ilin iyul ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Ağdamda yerləşən N saylı hərbi hissədə hərbi xidmət borcunu ləyaqətlə yerinə yetirib. Bu müddətdə snayper kursunu bitirən Nicat Aprel döyüşlərinin könüllü iştirakçısı olub və yüngül xəsarət alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və mühafizə idarəsində böyük atıcı işləyib. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən sentyabrın 29-unda cəbhəyə yollanıb. Son dəfə evdən çıxarkən “Şəhid olsam ağlamayın, məni atamın bayrağına bükərsiniz” deyib Nicat. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq ən böyük arzusu idi onun. Mərdliyi, cəsarəti, döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetirmək xüsusiyyəti qısa müddətdə komandanlığın diqqətini çəkib və Nicatın bölük komandiri seçilməsinə səbəb olub. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək 15 yaralı əsgəri neytral zonadan çıxarıb, 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. El-obanın fəxri, qəhrəman Vətən oğlu Nicat Hüseynov 11 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında uğrunda can verdiyi torpağa əmanət edilib.
