Ağ Evdən Bakıya insan haqları iradı - “Bəxtiyar Hacıyevlə bağlı məsələ...”
Fəzail Ağamalı: “Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə, nə olacaq ki...”
Millət vəkili Fəzail Ağamalı mövzuya şərh olaraq “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Görünəni budur ki, Bəxtiyar Hacıyev ABŞ-ın müəyyən qurumları tərəfindən ortaya atılan, idarə edilən şəxsdir. B.Hacıyev vaxtilə ABŞ-da təhsil alıb və görünür ki, orada təhsil alan zaman xüsusi orqanlar tərəfindən ələ alınıb və indiyə qədər də ABŞ-ın strateji, geopolitik maraqlarına uyğun olaraq hərəkət və davranışlarını ortaya qoyur, onların məqsədlərinə xidmət edir və indiki halda onun vətəndaşlıqdan imtina etməsi də bir anti-Azərbaycan mövqeyini ifadə edən növbəti addımlarından biridir.
Bunun ətrafında səs-küy qaldırmaq, ABŞ Departamentinin sözçüsü səviyyəsində buna reaksiya verilməsi, buna əsaslanaraq Azərbaycanda insan haqları ilə bağlı problemin olduğunu önə çəkmək bir daha onu göstərir ki, Bəxtiyar Hacıyev mahiyyətcə Azərbaycanın deyil, ABŞ-ın müəyyən dairələrinə xidmət edən agent şəbəkəsinin içərisindədir. Bu artıq açıldı, bəlli oldu. Beləliklə, Bəxtiyar Hacıyev bu gün bütün çılpaqlığı ilə anti-Azərbaycan qüvvələrinin içərisində yer aldığını nümayiş etdirmiş oldu. Qaldı ki, ABŞ Departamentinin sözçüsünün bəyanatına, düşünürəm ki, bu, Azərbaycanın insan haqları ilə bağlı fəaliyyətinə atılmış böhtandır və bunun Azərbaycan siyasi ictimai həyatına hər hansı bir şəkildə təsiri olmayacaq. Çünki Bəxtiyar Hacıyevin Azərbaycanda fəaliyyəti heç vaxt ciddi rezonans doğurmayıb, ciddi təsir dairəsi yaratmayıb. Bu bəyanat da bir neçə gündən sonra tarixin arxivində qalacaq.
Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə nə olacaq ki? Əgər bir Azərbaycan vətəndaşı formal olaraq bu ölkənin vətəndaşı adını daşıyır, öz dövlətinə xidmət etmir, elə vətəndaşlıqdan çıxsa daha doğru, məntiqli olar. Başqa ölkənin maraqlarına xidmət edib, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına xəyanət edən ona qarşı çıxan, problem yaratmağa çalışan şəxsin Azərbaycan vətəndaşı olmağa hansı mənəvi haqqı çatır? Beləliklə, Bəxtiyar Hacıyevin Azərbaycan vətəndaşlığından çıxması antihadisə kimi qarşılanmalıdır. Azərbaycan içərisində başqa ölkənin maraqların xidmət edənin onun vətəndaşlığından çıxıb getməsi infeksiya verən yaranın qoparıb atılmasına bənzər bir şeydir".